İldırım və onun sağlamlığa təsiri

Tokio, 29 iyul , /AJMEDIA/

İldırım çaxması bəşəriyyətə məlum olan ən qədim təbiət hadisələrindən biridir. Şimşəyin mahiyyətini anlaya bilməyən qədim insanlar onun haqqında bir sıra miflər uydururdular. İldırım göy gurultusu və şimşəkdən ibarət səma ilə yer arasındakı elektrik boşalmasıdır. İldırımvurma nəticəsində dərəcəsindən asılı olaraq insanlar müxtəlif xəsarətlər alır və ya həyatını itirirdilər.
AJMEDIA xəbər verir ki, həkim-nevroloq Qalib Əsədov deyib: “İldırım çaxan zaman yaranan temperatur Günəşin səthindəkindən altı dəfə çox olur. Adi elektrik xəttində 220 volt elektrik cərəyanı var və onun vurması güclü silkələnmə yaradır. İldırım zamanı bir neçə yüz milyondan bir milyard volta qədər elektrik cərəyanı əmələ gəlir. Onun təsiri nəticəsində əsrlər boyu tufanlara sinə gərmiş ağac iki yerə bölünür. Həmin temperaturun təsirindən də yanmağa başlayır”.
Onun dediyinə görə, ildırımın episentrindən kənarda olanda insanın az da olsa sağ qalmaq ehtimalı var.
Müsahibimiz ildırımdan qorunmaq barədə deyib: “İldırımın təsirinə məruz qalanlarda yanıqlar əmələ gəlir, çox vaxt damarlar partlayır, beyinə qansızma olur. İldırım vuran adamlar hətta sağ qalsalar belə parlaq işığın və güclü zərbənin təsirindən bir müddət sonra gözlərində katarakta, görmə qabiliyyətində ciddi pozuntular və iflic əmələ gələ bilər. İldırım çaxarkən hündür ağacın yanında dayanmaq təhlükəlidir, çünki ildırım əvvəlcə ağacı, sonra da adamı vura bilər. Açıq havada və ya səhrada tək olanda uzanmaq və ya təhlükəsiz bir yerə çəkilmək lazımdır”.
Sosial şəbəkələrdə bəzən şimşək vurması nəticəsində orqanizmdə müxtəlif dəyişikliklərin getdiyi, saçların gur çıxması, ölmüş hüceyrələrin bərpa olunması, hətta qan qrupunun dəyişməsi halları ilə bağlı məlumatlara rast gəlinir. Həkim-nevroloq bütün bunların mümkünsüz olduğunu söyləyib: “Qan qrupu genetikdir, valideynlərdən alınan genlərlə müəyyən olunur. Qan heç vaxt dəyişilə bilməz, bu, baş versə, ölümlə nəticələnər. Elektrik vurması ilə nə DNK-da nə mutasiya hadisə baş verir ki, qan qrupu dəyişilsin. Bunların hamısı mifdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts