“Heydər Əliyev və Azərbaycan diaspor təşkilatları” mövzusunda videokonfrans keçirilib

Tokio, 13 dekabr, /AJMEDIA/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan diaspor təşkilatları” mövzusunda anım videokonfransı keçirilib.

AJMEDIA xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir İstanbul-Azərbaycan Dostluq Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) təşkilatçılığı ilə baş tutub.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın moderatorluğu ilə keçirilən videokonfransda İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri, Türkiyə-Azərbaycan Dərnəklərinin baş katibi Hülya Xuraman Ağasoy, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə, Regionşünaslıq kafedrasının müəllimi Sara Ələsgərova, Ankara-Bakı Tanıtım və Dayanışma Dərnəyinin sədri, TADEF sədr müavini Səttar Kaya çıxış ediblər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında misilsiz xidmətlərinin əhəmiyyətindən danışan natiqlər bu cür parlaq şəxsiyyətin Azərbaycan tarixində yer almasını xalqımızın və türk dünyasının böyük uğuru adlandırıblar. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, diaspor quruculuğunun və fəaliyyətinin Azərbaycanla sıx əlaqələndirilməsi, Dünya azərbaycanlılarının I qurultayının Bakıda keçirilməsi ideyasının Ulu Öndərə məxsus olduğu vurğulanıb. Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində diaspor təşkilatlarının fəaliyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dönəmdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük mütəşəkkillik, həmrəylik və fədakarlıq göstərdiyi bir daha qeyd edilib.

Tədbir zamanı “Heydər Əliyev və diaspor təşkilatların yaranması”, “Diaspor hərəkatının dönüş nöqtəsi” və “Diaspor təşkilatları Şuşada” mövzularında videoçarxlar nümayiş etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts