HƏSRƏTİN SONU

Tokio, 23 Sentyabr, /AJMEDIA/

Şuşa ilə bağlı xatirələrimi, daha dəqiq desəm doğulduğum torpağımdakı 6 illik atalı və Şuşalı illərimi, sonra məcburi köçkün həyatımızı və nəhayət 30 illik həsrətində olduğumuz Vətənə qovuşma anımı səhifələrə köçürdüm.

Leyli Namiqqızı

1992-ci ilin mart ayı. Yüklər yığılıb həyət evində düzülüb yola. İçində də ki, heç nə bir az pal-paltar, kitablar, şəkil albomları, bir az da qab-qacaq. 6 yaşlı mən qucaqlamışam ən çox istədiyim dayım qızının belindən, bikef-bikef onları Bakıya yola salırıq. Bir neçə gündən sonra da biz gedəcəkdik. Amma biz necə getdik, kiminlə getdik qəti xatırlamıram. Başımı qaldırıb buludlara baxdığımı isə dünən kimi xatırlayıram.

İnanmazsınız, 2021-ci il sentyabrın 18-i Şuşada Üzeyir Hacıbəylinin Musiqi Festivalında başımı qaldırıb yenə də buludlara baxdım. Bilərəkdən baxdım. Bir anlıq həmin anlara qayıtmaq istədim. Aman Allah o nə hisslər idi yaşadım? Ürəyimdən elə hayqırmaq keçdi ki… İstədim qoşulam muğam ustalarına mən də bayatı-şiraz oxuyam. Amma hardadı məndə o cəsarət? Sıxdı, boğdu içimizdəki istedadı köçkünlük həyatı.

Nə isə qayıdım 92-ci ilə. Atamı itirəndən sonra dayımgildə qaldığımızı xatırlayıram. Atışmalar səngimək bilmədiyi üçün yenicə həyat yoldaşını itirən anamın övladları ilə tək evdə qalmağına heç kim razı deyildi.

Yadımdadı, günorta vaxtı anamla getdik evimizdən lazımi nələrisə götürməyə. Yolda atılan topun səsi hələ də qulağımdadır. Qaça-qaça çatdıq evə. Biz kilsənin yanında bina evində yaşayırdıq. Anam məni hamamda gizlətdi… guya ki, ora daha təhlükəsizdir deyə. Özü də tələsə-tələsə bəzi lazımlı əşyalarını toplayırdı. Çəhrayı çantam var idi, bibim Moskvadan almışdı, içində də rəngli karandaşlarım. Evdən çıxanda asdım servantın qapısının qulpundan. Dedim, qoy qalsın onsuz da gələcəm də.

Hələ atışmalar vaxtı xalamgildə qaldığımızı da xatırlayıram. Xalamqızı ilə gəlinciklərimizlə oynayanda ermənilər necə atırdılarsa, tez qaçıb düşürdük evin zirzəmisinə. Uşaq ki, uşaq. O zirzəmidə necə maraqla oynayırdıq. Qonşular da zirzəmini elə qəşəng bəzəmişdilər ki, xalçalar, döşəklər sərmişdilər. Vallah bir rahat idi ki… Allaha çox şükür ki, Vətən müharibəsi dövründə düşmən də o zirzəminin “rahatlığını daddı”. Anam deyərdi ki, bir gecə o zirzəmidə qalanda qızdırmam 40-dan çox olub. Xalam səhərədək başımın üzərində oyaq qalıb, anam isə əksinə günlərin stresindən, yorğunluğundan dərin yuxuya gedib. Bəlkə də o anamın elə o vaxt yatdığı sonuncu “şirin” yuxusu olub. Çünki, məcburi köçkün düşən vaxtdan indiyə kimi yazıq anam ancaq yuxusuzluqdan şikayət edir. Anamdan söz düşmüşkən. Ona qarşı həssaslığımı heç vaxt bildirməmişəm. Elə buna görə də anam məni həmişə daş qəlbli adlandırıb. Amma indi anam haqqında yazmaq istəyəndə gözümün yaşını saxlaya bilmədim. Nə çətinliklə böyütdün sən bizi. Necə qocalmışdın ay ana. Bakıya təzə gəlmişdik ibtidai sinfə gedəndə yaşıdlarımın analarını görürdüm paxıllığım tuturdu. Deyirdim hamısının anası cavan, bəzəkli-düzəkli. Mənim anam da ki, qırmızı rəngdən özünü məhrum edib, saçlarını ağardıb. Anam ilk dəfə saçlarını böyük qardaşımın toyunda qohumlarımızın təkidi ilə boyadı. İndi maşallah yaşıdlarından da cavan, gözəl görsənir. Anam çalışıb atasızlığımızı bizə hiss etdirməsin. Amma bu mümkündürmü? Uşaqlar yanımda atam mənə onu aldı, bunu aldı deyəndə içimdə keçirdiyim hissləri ancaq mənim kimilər anlaya bilər. Anam deyərdi ki, mən Şuşada 1-ci sinfə gedəndə, həmin günü gəlib evdə anama demişəm ki, elə bilirsən bilmirəm bu gün məktəbdə hamı gəlib məni niyə öpürdü? Çünki mənim atam ölüb ona görə. Həə, bu danışıq tərzi də balaca Leylinin vaxtından əvvəl böyüdüyünün göstəricisi imiş…Yeri gəlmişkən, məktəbin açılmağından 1 həftə əvvəl atamı itirmişdik.

Beləcə biz çətinliklə də olsa böyüdük. 2 qardaşım savadları ilə, tərbiyələri ilə həm atalarının, həm də Şuşanın adına layiq oldular. Şuşanı dəlicəsinə sevən Füzuli fatehi Namiq Babayev, müharibə vaxtı anama deyirdi ki, sən götürüb uşaqları gedərsən mən getməyəcəyəm. Allah da səsini eşitdi, Şuşanı canından çox sevən atamı, əbədi torpağının qucağına verdi. İnsan öləndə torpağa qarışmalıdır, qəbir daşı olmamalıdır deyən atam, elə də arzusuna çatdı. İmkan edib ona məzar daşı da düzəltdirə bilmədik. Gəl indi döz bu dərdə ay ana. Sonra da deyirəm niyə mənim anam tez qocaldı?!

Bilmirəm nədənsə atamın ölümünü Şuşa azad ediləndən sonra daha çox dərk etdim. İllərdir ki, atam yuxuma da girmirdi. Onu çox həsrətdən sonra yuxuda, Şuşa azad ediləndən sonra gördüm. Görürəm ki, Şuşadayıq, evdə böyük bir məclis qurulub. Atamla telefonla danışıram. Necə xoşbəxt, sevinə-sevinə danışırdı mənimlə. Sonra öz-özümə deyirəm ki, kaş telefonda səsini yazıb yadigar saxlayardım. Heyfslənərək şirin röyamdan ayıldım. Elə bil təzə itirmişəm atamı… Bəlkə mənim aylardır yadımdan çıxmır. Yaram elə bil yenidən qanayıb. Allahım, bu nə hisslərdir mən yaşayıram? Hərdən də öz-özümə qorxurdum. Deyirdim birdən mənə nəsə olar. Bəlkə də onun ruhuna agah olub ki, mən Şuşaya gedəcəm. Nəhayət o gün gəldi. 2021-ci il 18 sentyabr. Allah, necə həyəcanlıyam. Anamdan da qəbiristanlığın yerini soruşuram təxmini. Demək istəmir ki, istəmir. Sən onu tapa bilməzsən. Atanın məzar daşı yoxdur, necə tapacaqsan? Təhlükəlidir, getmə və.s. Kimə deyirsən ürəyim partlayır axı mənim! Necə getməyim? Tək təsəllim odur ki, əmimin məzar daşı mərmərdən olmadığı üçün, bəlkə də ermənilər onu dağıtmayıb. Bu səbəbdən də atamın qəbrini tapa biləcəyimə ümid edirdim. Off, Allahım jurnalist həmkarlarımla birgə getdiyimiz avtobus Şuşaya daxil olanda elə bil damarımda qanım dondu. İnsanı doğulduğu torpağı necə də maqnit kimi özünə çəkərmiş. İlahi? Bu nə sevgidir, bu nə hissdir insanına bəxş etmisən? Göz yaşlarımı adətən saxlamağı bacarıram, amma burada ona qalib gələ bilmədim. Nəhayət, bir sıra gəzintilərdən sonra sağ olsunlar həmyerlilərim məni apardılar Mirzə Həsən qəbiristanlığına. Anamdan bir kəlmə eşitmişdim ki, atamın məzarı Şuşa həbsxanası tərəflərdədir. Getdik çatdıq. Dedilər ki, minadan tam təmizlənməyib. Allah-Allah o bir dəqiqənin içində qulağıma müharibə vaxtı eşitdiyim həyəcan siqnalının səsi gəldi. O topun, tüfəngin səsləri, o vaxtdan qalan fobiya hisslərim yenidən baş qaldırdı. Addımımı atımmı yoxsa atmayımmı? Gözümün də qarşısında ağ daşlı məzarları görürəm. Bir tərəfdən də elə sevinirəm. Ürəyim param-parça nə irəliləyə bilirəm, nə tərpənə. Bəli 29 il sonra həsrətinin sonuna yaxınlaş, amma onun vüsala yetməsinə göz yum. Amma içimdə o qədər rahatlıq tapmışam, kəlmələrə çevriləsi deyil. Mən məzar daşlarına baxdım onlar da mənə. Bağışla məni ata, cürət edib gələ bilmədim. Çox qorxdum. Gözümün önündə övladlarım Əhəd və Cahid dayandı. Axı, onlar məni yola salanda ana, bizi nə vaxt aparacaqsan demişdi. Adına qurban olum ay ata. Həmişə deyərdin ki, ay Məlahət, bu Leyli məni yaman çox tez-tez öpür deyəsən vaxtından tez öləcəm. Yaxşı ki, elə o vaxt doyunca öpmüşəm səni.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts