Hərbi ekspert: “Sürpriz minalar”ın quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir

Tokio, 10Dekabr, /AJMEDIA/

Dekabrın 9-da Şuşa rayonunda iki mülki şəxsin ölümünə səbəb olan hadisə “erməni mina terroru”nun nəticəsidir. Araşdırmalar zamanı məlum olur ki, bu minalar erməni mütəxəssislər tərəfindən sürpriz adlanan üsulla basdırılıb.

AJMEDIA xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Ə.Verdiyev qeyd edib ki, bu üsul mina bilərəkdən əvvəlcə tank əleyhinə, onun üzərindən isə piyada əleyhinə minanın basdırılmasını nəzərdə tutur. “Sürpriz” üsulla basdırılan minaların partlaması zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı demək olar ki, sıfıra bərabərdir. Minaların bu kombinasiyada basdırılmasının əsas məqsədi daha çox insanın öldürülməsinə nail olmaq üçün partlayış dalğasını maksimum artırmaqdan ibarətdir.

Hərbi ekspert bildirib ki, bu tip “sürpriz-minalar”dan adətən diversiya və terror aktları zamanı istifadə olunur. Bu isə Ermənistan tərəfinin terrorçu niyyətinin növbəti bariz nümunəsidir. Ümumiyyətlə, bu günədək Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiq olduğu artıq sübut edilib. Bu, o deməkdir ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə çalışır. Təəssüflər olsun ki, bu cəhdlər bəzən Azərbaycan üçün ağır nəticələrə gətirib çıxarır. Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25 faiz təşkil etdiyi artıq faktdır. Son günlərdə Ermənistanın təqdim etdiyi digər ərazilərdəki mina sahələrinin formulyarları da mütəxəssislər tərəfindən etibarsız, yararsız və qeyri-dəqiq ola biləcəyinə dair ehtimallar səslənməkdədir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.

“Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilər olan meşələrdə tank əleyhinə “mina tələləri”nin, ölüm ehtimalını artıran “mina-sürpriz”lərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir. Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, biz torpaqlarımızı minalardan təmizləyəcəyik və onu təhlükəsiz edəcəyik. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində BMT kimi beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir”, – deyə hərbi ekspert vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts