Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür

Tokio, 27 oktyabr , /AJMEDIA/

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.
AJMEDIA xəbər verir ki, Vətən müharibəsində Bərdə rayonu da Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.
Ümumilikdə isə 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyin, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts