Dünyada koronavirus səbəbindən ölüm hallarının sayı həftə ərzində 10 faiz azalıb

Tokio, 1 Dekabr, /AJMEDIA/

Ötən həftə dünyada təqribən 3,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 47 mindən çox insan bu xəstəlik nəticəsində dünyasını dəyişib. Yeni yoluxma hallarının sayı bundan əvvəlki 7 gün ilə müqayisədə eyni səviyyədə qalıb, ölüm faktları isə 10 faiz azalıb.

AJMEDIA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.

Həftə ərzində (22-28 noyabr tarixlərində) qeydə alınan yoluxmaların 70 faizi və ölüm hallarının 61 faizi Avropanın payına düşür: xəstəliyin 7 faiz artması müşahidə olunduğu halda, ölüm halları 2 faiz aşağı səviyyəyə düşüb. Yoluxmaların əhəmiyyətli şəkildə artması Afrikada (93 faiz) və Qərbi Sakit okean regionunda (24 faiz) qeydə alınıb. Eyni zamanda, ötən həftə ərzində daha az yoluxma Amerikada (24 faiz) və Cənub-Qərbi Asiyada (11 faiz) müşahidə olunub. Ölüm halları Cənub-Şərqi Asiyada (26 faiz) və Afrikada (7 faiz) artsa da, Amerika (36 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (8 faiz) azalıb.

Bülletendə göstərilən məlumatlara müvafiq olaraq, noyabrın 22-dən 28-dək dünyada 3.799.878 yoluxma halı və 47.524 ölüm halı aşkarlanıb. Həftə ərzində yoluxmaların ən böyük sayı barədə ABŞ (464.800) məlumat verib. Sonrakı yerləri Almaniya (406.754), Böyük Britaniya (304.374), Rusiya (239.215) və Fransa (190.402) tutur.

ÜST vurğulayır ki, dünyada liderliyini davam etdirən “delta” ştamı son 60 gün ərzində analizlərin 99,8 faizində aşkarlanıb. “Omikron” ştamına gəlincə, bülletendə bildirilir ki, onun barəsində “məhdud sayda ölkələrdən məlumat daxil olub”. Bu variantın yayılma ocağı hesab edilən Cənubi Afrika Respublikası “bir çox əyalətində yoluxma hallarının sayının kəskin artması vəziyyətini sınaqdan keçirib”.

Noyabrın 30-na olan məlumata görə, dünyada pandemiya başlanandan bəri koronavirusa 261.435.768 yoluxma halı və 5.207.634 ölüm halı qeydə alınıb. Son sutka ərzində yoluxanların sayı 398.754 nəfər artıb, ölənlərin sayı isə 5.901 nəfər təşkil edib. ÜST-ə daxil olan məlumata görə, təsdiqlənmiş yoluxma halları daha çox ABŞ-da müşahidə edilib – 47.945.945. Sonrakı yerləri Hindistan (34.587.822) və Braziliya (22.080.906) tutur. Ən çox ölüm halları ABŞ-ın (773.083) payına düşür. Sonrakı sıraları Braziliya (614.278) və Hindistan (468.980) bölüşürlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts