DSX-nin polkovniki: Erməni xüsusi təyinatlılarının Zəngilanı geri qaytarmaq cəhdi onlara baha başa gəldi

Tokio, 22 oktyabr , /AJMEDIA/

Soltanlı-Əmirvarlı istiqamətində düşmənin üçüncü səddi çətinliyi baxımından fərqlənirdi. Ermənistan ordusunun birinci və ikinci eşalonları əlindən çıxdığı üçün Soltanlı-Əmirvarlı onların bu istiqamətdə son dayaq nöqtəsi idi. Düşmən üçüncü eşalonu demək olar ki, Araz boyundan Cəbrayıl şəhərinə qədər xüsusi təyinatlı bölmələri ilə müdafiə edirdilər. Lakin biz düşmənin gözləntisinin əksinə olaraq, gecə sızma əməliyyatları etdik və qarşı tərəfə sarsıdıcı zərbə vurduq. Nəticədə isə düşməni ağır məğlubiyyətə uğratdıq. Əmirvarlı, Soltanlı istiqamətindəki və qədim Xudafərin körpüsü əməliyyatları uğurla başa çatdıqdan sonra növbəti tapşırıq Zəngilanın düşməndən azad olması oldu. Tapşırıq əsasında təminat və təchizatlarımızı normal vəziyyətə gətirərək Zəngilana doğru hərəkətə başladıq. Biz Araz çayı boyu və Zəngilan yolu ilə hərəkət edirdik. Həkəri çayı istiqamətində körpünün olmaması bizə bir az çətinlik törətdi. Araz çayı boyunca istiqaməti dəyişərək Zəngilan şəhərinin giriş nöqtəsi Oxçuçay üzərində körpünün ətrafına mövqelənərək rayonun kəşfiyyatını aparmaq üçün istiqamətlər üzrə bölündük.
AJMEDIA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Zəngilan istiqamətində döyüşlərdə iştirak etmiş Vətən müharibəsi iştirakçısı, “Zəfər” ordenli, Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Nəsib Mirzəyev bildirib.
Polkovnik deyib ki, körpünün minalı olub-olmaması yoxlanılaraq şəhərin mərkəzinə sızma əməliyyatını həyata keçirtdik. Nəticədə düşmənin canlı qüvvəsini məhv edərək rayonu azad edildi və bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə olundu.
Sonra erməni xüsusi təyinatlı bölmələri rayonu ələ keçirmək üçün yenidən hücum etməyə cəhd göstərdi. Lakin onlar artıq anladılar ki, bu əməliyyat 1993-cü ildə Zəngilan şəhərinin dinc əhalisinə qarşı olan hücumla eyni deyil. Bu dəfə onları DSX-nin xüsusi təyinatlıları qarşıladı. Erməni silahlılarının hücumu onlara baha başa gəldi. Onlar məhv edildi, qalan heyət isə əsir götürüldü.
N.Mirzəyev daha sonra deyib ki, Zəngilanda qızıl yataqlarının olması həm də düşmən üçün böyük əhəmiyyət kəsb edirdi. Buranın məhsuldar əkin sahələrinin olması ermənilər üçün vacib idi.
Qeyd edək ki, Nəsib Mirzəyev Prezident İlham Əliyev tərəfindən “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts