Dövlət Proqramının icrası üzrə virtual təlim təşkil edilib

Tokio, 20 dekabr , /AJMEDIA/

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ölkəmizin Malayziyadakı səfirliyinin təşəbbüsü ilə virtual formatda təlim təşkil olunub.
AJMEDIA xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün nəzərdə tutulmuş tədbirdə Malayziyanın aparıcı elm-təhsil ocaqlarından olan “MARA” Texnologiya Universitetinin (UiTM) təcrübəli elmi-tədqiqatçıları mühazirə-təqdimatlarla çıxış ediblər.
Təlim proqramı, xüsusilə son illərdə beynəlxalq gündəlikdə prioritet məsələlərdən birinə çevrilən qida təhlükəsizliyi sahəsində müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi çərçivəsində keçirilib. Mühazirəçi alimlər öz çıxışlarında Malayziyanın qida təhlükəsizliyi üzrə cari icra qabiliyyəti, həmçinin bu ölkənin halal qida sənayesi sahəsində sertifikatlaşdırma və beynəlxalq əməkdaşlıq təcrübəsi, qida təhlükəsizliyinin təmin edilməsi üçün bu ölkədə tətbiq olunan laboratoriya təhlillərinin rolu barədə geniş məlumat veriblər.
Tədbirin sonunda sual-cavab sessiyası keçirilərək, fikir mübadiləsi aparılıb. UiTM-in beynəlxalq əməkdaşlıq departamentinin direktoru Dr. Hajah Zainab təlim proqramının səmərəli təcrübə mübadiləsi platforması funksiyası daşıdığını və bu baxımdan qarşıya qoyulan məqsədə çatdığını ifadə edərək, azərbaycanlı iştirakçılara müvafiq sertifikatların verilməsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli Sərəncamı ilə 2019-2025-ci illərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı icra olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts