Dövlət Komitəsi “Bir olaq, həmrəy olaq!” adlı bayram tədbiri təşkil edib

Tokio, 26 dekabr, /AJMEDIA/

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı təşkil edib.

AJMEDIA xəbər verir ki, Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİDK sədri Fuad Muradov 67 ölkədən 570 soydaşımızın qatıldığı videokonfransı açıq elan etdikdən sonra ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, dövlətimizin inkişafı yolunda xarüqələr yaratmış Müzəffər Ali Baş Komandanın misilsiz xidmətlərini əks etdirən “Dünya Azərbaycanlıları Sizinlədir, Müzəffər Ali Baş Komandan!” adlı videocarxın nümayişindən sonra komitə sədri xaricdə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

DİDK sədri dünyanın nüfuzlu dövlət xadimləri və siyasətçiləri arasında layiqli yer tutan dövlət başçısının tapşırıq və göstərişləri əsasında diaspor quruculuğu sahəsində yeni və mühüm mərhələnin başlanmasından danışıb, xaricdə yaşayan soydaşlarımızın qarşısında dayanan hədəf və vəzifələrə diqqəti cəlb edib, qalib Vətənimizin adının yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diasporumuza minnətdarlığını bildirib.

Sonra komitənin və Azərbaycan diasporunun 2021-ci ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub.

Tədbir iştirakçıları dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Müzəffər Ali Baş Komandanı yubileyi münasibətilə təbrik edib, hər zaman Azərbaycanın və onun ali siyasi rəhbərliyinin yanında olduqlarını vurğulayıblar.

Çıxış edənlər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanmasına və dünyada təbliğinə mühüm töhfələr verən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini ifadə ediblər.

Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor nümayəndələri, eləcə də müxtəlif xarici qonaqlar, o cümlədən litvalı hərbi jurnalist, Xocalı soyqırımının şahidi, “Sonsuz dəhliz” filminin iştirakçısı Riçard Lapaitis, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniliyo, tanınmış siyasi şərhçi, jurnalist, “Tovuzdan Qarabağa” kitabının müəllifi Malik Ayyub Sumbal və başqaları çıxış edərək belə mühüm tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı və təşəkkürnamələrlə təltif olunan bir qrup diaspor üzvünün adları açıqlanıb.

Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin təqdim olunduğu bayram tədbiri Diaspor Marşının səsləndirilməsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts