Deputat: Azərbaycan gəncləri dövlətə və Vətənə bağlılıqları ilə seçilirlər

Tokio, 2 fevral , /AJMEDIA/

Hər bir cəmiyyətin hərəkətverici qüvvəsi, sərvəti və gələcəyi onun gəncləridir. Gənclərimizin sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik olması dövlət üçün önəmlidir. Gənc nəslin vətənpərvərlik tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq və gənclərin inkişafı məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti artıq milli strategiyaya çevrilib.

Bu fikirləri AJMEDIA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova söyləyib.

Ulu Öndərin “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq” fikirlərini xatırladan deputat deyib: “Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli Lider gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi.

Ümummilli Liderin gənclər siyasəti bu gün uğurla həyata keçirilir və daha da gücləndirilir. Təbii ki, bu siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur”.

H.Hüseynova qeyd edib ki, bu gün gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminatı sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlər həyata keçirilməsi durmadan genişləndirilir: “Məlumdur ki, ölkədə fəaliyyət göstərən bazar strukturları iş təcrübəsi olan və bazar iqtisadiyyatı prinsiplərini bilən mütəxəssislər axtarışındadır. İlk növbədə, gənclərin təhsilinə, peşə hazırlığı məsələlərinə böyük diqqət yetirilməlidir. Xüsusilə texniki-peşə təhsili müəssisələrinin kadr hazırlığında mövcud əmək bazarı və ya sahibkarların tələbatları nəzərə alınmalıdır. Son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini versə də, işsizlik problemi aktual olaraq qalır. Çünki keçid dövrü ilə əlaqədar əmək bazarının tələbləri də dəyişir. Artıq dünyada belə bir fikir formalaşıb ki, hər il bilik və bacarıqların 20-30 faizi, hər 5-8 ildə isə peşələr tamamilə köhnəlir. Artıq gənclərimiz işsizlik problemlərini mükəmməl təhsilə yiyələnmədən həll edə bilməyəcəklərini daha yaxşı başa düşürlər. Digər tərəfdən neft sektorunun inkişafı nəticəsində ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər müasir texnologiyalarla işləməyi bilən gənclərə daha çox üstünlük verirlər. Nəticədə gənclərimizin təhsil səviyyəsi ilbəil artır. Savadlı gənc mütəxəssislərin hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilib. Son illər həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev fondunun hesabına yüzlərlə məktəb binası tikilib. Məktəb tikintisi bu gün də sürətlə davam etdirilir. Azərbaycanda bütövlükdə təhsil infrastrukturu yeniləşir. Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinfi yaradılır və internetə çıxış təmin olunur. Nəticədə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, yeni müasir informasiya texnologiyalarına yiyələnirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər. Bu gün Azərbaycan gəncləri xarici ölkələrə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedirlər. Xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra Vətənə dönərək əldə etdikləri təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tətbiq edirlər”.

Deputat vurğulayıb ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azadlıq, sabitlik olan, özünə güvənən ölkədə yaşayırlar. Gənclər öz gələcək həyatlarını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Onlar xalqımızın və dövlətimizin ən qiymətli sərvətidir. Bizim gənclərimizlə fəxr etməyə bir çox səbəblərimiz var: onlar elmi olimpiadaların qalibi, aparıcı və nüfuzlu universitetlərin tələbələri və məzunlarıdır, mötəbər idman yarışlarının çempionlarıdır, mədəniyyət və incəsənət sahəsində yüksək mükafatlar əldə edirlər. Vətənpərvərdirlər, milli-mənəvi dəyərlərimizə, ənənələrimizə sadiqdirlər

Follow us on social

Facebook Twitter Youtube

Related Posts