Dəyişkən hava şəraiti insan orqanizmində bir çox problemə səbəb olur

Tokio, 24 oktyabr , /AJMEDIA/

Dəyişkən hava şəraiti insan orqanizmində yuxusuzluq, halsızlıq, depressiya, yorğunluq, psixoloji və hormonal dəyişikliklər kimi bir çox problemə səbəb olur.
AJMEDIA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, insan bədəninə və sağlamlığına təsir edən amillərdən biri də isti və soyuq havanın ani dəyişkənliyidir. Bu prosesə insan orqanizmi gec öyrəşir və bu səbəbdən bədən stressə düşür. Stressin nəticəsində isə bədənin müdafiə funksiyaları və müqaviməti zəifləyir.
Mərkəzin həkim-infeksionisti Aişə Kərimovanın sözlərinə görə, payız-qış aylarında bədən müqavimətinin düşməsi nəticəsində bir sıra xəstəliklərdə artım müşahidə edilir:
“Əsasən, ürək, şəkərli diabet, allergik xəstəliklərdən əziyyət çəkənlər arasında bu viruslar daha tez yayılır. Xəstəliklər pnevmoniya ilə daha da ağırlaşa, ağırlaşma isə insan həyatına son qoya bilər. Ümumiyyətlə, havadakı dəyişkənlik insanlarda yuxusuzluq, halsızlıq, depressiya, yorğunluq, eyni zamanda psixoloji və hormonal dəyişikliklərə səbəb ola bilər”.
Hazırda payız mövsümünün dəyişikliyinə uyğun olaraq, gecənin uzanması qidalanma rejiminin, yuxu saatının dəyişilməsinə gətirib çıxarır. Həkim A.Kərimova bu dəyişikliyin insanda hormonal balansın pozulmasına da səbəb olduğunu bildirir.
“Təbii ki, bu faktorlar hər bir insana eyni təsir bağışlamır. Günlük həyat ritmini pozmayan, qidalanmaya normal riayət edən şəxslərdə bu risk kifayət qədər aşağı olur. Bu baxımdan çəkisi normadan yuxarı olan insanlar da diqqətli olmalıdırlar, xüsusi ilə qidalanmaya diqqət edilməlidir. Tiroid vəzinin xəstəliklərindən əziyyət çəkən şəxslər də mövsümü dövrdəki dəyişikliklər səbəbindən xəstəliklərin ağırlaşması hallarını yaşaya bilər”.
Bu xəstəliklərdən qorunmaq üçün mövsümə uyğun geyimlərdən mütləq istifadə etmək, balanslı qidalanma, bütün qida elementlərinin rasiona daxil edilməsi, bol maye qəbulu, yuxu rejiminə düzgün riayət edilməsi məsləhət görülür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts