Çoxdan gözlənilən “Yay Fest 2022”yə qeydiyyat başlayıb

Tokio, 8 iyul , /AJMEDIA/

Azərbaycanın ən böyük gənclər düşərgəsi “Yay Fest 2022”yə qeydiyyat başlayıb. Ənənə halını alan və artıq 3-cü ildir təşkil edilən festivala gənclərin xüsusi marağını nəzərə alaraq, bu il “Yay Fest 2022” daha uzunmüddətli və geniş formatda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək. Bu yayın ən möhtəşəm gənclər hadisəsində iştirak edəcək iki min gənc festival çərçivəsində əylənəcək, öyrənəcək və yeni dostlar qazanacaqlar.
Azərbaycan Respublikasının Gənclər Fondundan AJMEDIA-ya bildiriblər ki, festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.
İyulun 18-dən sentyabrın 9-dək əhatə edəcək festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, Vətənpərvərlik, Yaradıcılıq, Könüllülük, Dayanıqlı İnkişaf Məqsədləri, İnnovasiya və sahibkarlıq, Karyera və inkişaf, Həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq.
Çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələr, həvəskar idman yarışları, əyləncəli, intellektual oyunlar, peşəkar təlimlər, konsert proqramı, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq, Vətən müharibəsi qaziləri ilə görüşlər keçiriləcək və festival ərazisində xüsusi innovasiya guşəsi yaradılacaq.
Düşərgələrdə fəal olan gənclər mükafatlandırılacaq və beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi və ya GəncApp mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçərək, düşərgədə iştirak seçimlərinə qatılmağa dəvət edir.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.
Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts