Cəlil Xəlilov: Aprel döyüşləri müasir ordu quruculuğundakı inkişafımızı praktiki şəkildə isbatladı

Tokio, 3 aprel , /AJMEDIA/

2016-cı ilin Aprel döyüşlərindən altı il ötür. Aprel döyüşləri 8 Noyabr Zəfərinin ilk qaranquşudur.

AJMEDIA xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Aprel döyüşlərinin tarixi əhəmiyyətinə toxunan Cəlil Xəlilov qeyd edib ki, 2016-cı ildə baş verən bu döyüşlər dövlətimizin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun modernləşdirilməsi, onun müdafiə və hücum gücünün yüksəldilməsi, müasir hərbi texnika ilə təchiz edilməsi, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların son dərəcə səmərəli olduğunu real döyüş meydanında isbatlayıb. Aprel döyüşləri Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərində tam və parlaq Qələbəsi ilə başa çatıb. Aprel döyüşləri nəticəsində düşmənin müdafiə xətti yarılıb, bir sıra yüksəkliklər düşmən işğalından azad edilib. Düşmənin canlı qüvvəsi və texnikasına sarsıdıcı zərbə endirilib.
Polkovnik qeyd edib ki, Aprel döyüşlərinin digər mühüm əhəmiyyəti bu döyüşlər zamanı müxtəlif qoşun növləri və hərbi birləşmələrin fəaliyyətinin vahid mərkəzdən idarə edilməsi, onların əlaqələndirilməsi və s. kimi mürəkkəb məsələlərin real döyüş şəraitində test edilməsi, təcrübədən keçirilməsi oldu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrində müxtəlif qoşun növləri və hərbi birləşmələrin fəaliyyətinin çevik və effektiv şəkildə əlaqələndirilməsi, bütün hərbi birliklərin fəaliyyətinin bir mərkəzdən idarə edilməsi istiqamətində görülən işlər kifayət qədər səmərəli olub. Məhz bütün bu amillər nəticə etibarilə Aprel döyüşlərində Ordumuzun qalibiyyətini, onun Zəfərini zəruri etdi.

“2016-cı ilin Aprel döyüşləri siyasi baxımdan da əhəmiyyətli oldu. Hər şeydən əvvəl bu döyüşlər və onun qürurverici nəticəsi göstərdi ki, Qarabağ probleminin güc yolu ilə həlli perspektivinin mövcud olmadığı ilə bağlı qlobal güclər, aparıcı dövlətlər tərəfindən səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Əksinə, bu döyüşlər sübut etdi ki, problemin hərbi müstəvidə həlli perspektivi mümkündür və bu perspektiv səmərəsiz diplomatik danışıqlardan daha real nəticələr vəd edir. Necə ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun uğurlu əks-hücumu Qarabağ probleminin hərbi yolla həllinə start verdi və bu cəhd cəmi 44 gündən sonra xalqımızı böyük zəfərə qovuşdurdu.
Aprel döyüşlərindən altı il ötsə də, bu döyüşlərin gedişatı, həmin döyüşlərdə iştirak edən igid hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar öyrənilməkdə, təbliğ edilməkdədir. Əminəm ki, illər, əsrlər keçsə də, Aprel döyüşləri və onun hərbi-siyasi, o cümlədən tarixi əhəmiyyəti unudulmayacaq, bu döyüşlərin 8 Noyabr Zəfərinə açdığı cığır, bu cığırın şanlı yolçuları əbədi ehtiram hissi ilə yad ediləcək”, – deyə C.Xəlilov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts