Balakəndə şəhid Vahid Əlisoltanovun xatirəsi anılıb

Tokio, 25 oktyabr , /AJMEDIA/

Balakən rayonundan olan Vətən müharibəsi şəhidi Vahid Əlisoltanovun şəhadətə yüksəlməsinin ikinci ildönümündə xatirəsi ehtiramla yad edilib. Balakən şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
AJMEDIA xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Çıxışlarda iki il öncə şəhidlik zirvəsinə ucalan Vahid Əlisoltanovun qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, havadarlarına güvənən işğalçı erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Vahid və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ildən isə orduda zirehli texnikanın komandiri kimi xidmətə başlayıb. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vahid Əlisoltanov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts