Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında qardaş xalqların ədəbi irsi təbliğ olunub

Tokio, 15 iyun , /AJMEDIA/

AMEA-nın önündəki park ərazisində bir həftə davam edən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edib. Bundan əlavə, orada tədbirlər üçün böyük səhnə qurulub. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılıb. Eyni zamanda, müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub. Bundan başqa uşaqlarla bağlı xüsusi layihələr təqdim edilib.
AJMEDIA xəbər verir ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA və digər qurumların dəstəyi ilə gerçəkləşən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı qardaş türk xalqlarının ədəbiyyatı ilə bağlı təqdimatlarla daha çox yadda qalıb.
Belə ki, “Qırğızıstan günü”ndə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş “Qırğız Ədəbiyyatı” proqramı təşkil edilib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qırğızıstandan və digər türkdilli ölkələrdən qonaqlar iştirak ediblər. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, gənc tədqiqatçı Nəzrin Əliyeva, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında məlumat veriblər.
“Manas” Qırğız-Türk Universitetinin nümayəndələri professor Burul Saqınbayeva və Altınbek İsmayılov qırğız ədəbiyyatından söz açıblar. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nazgül Omurzakova təşkilatla Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində birgə keçirilən layihələrdən bəhs edib.
Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrı tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Çingiz Aytmatovun “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissə nümayiş etdirilib. Ədibin 95 illiyi münasibətilə ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur.
Festival çərçivəsində “Türkmənistan günü”ndə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirilib.
Fondun nümayəndəsi şair Fərid Hüseyn təşkilatın Türk dünyasının görkəmli söz-sənət ustadlarının beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib, növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da diqqət mərkəzində olduğunu vurğulayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdiri, mətnşünas alim Rəhmanberdi Qodorov və institutun əməkdaşı Məqsəd Meredov görkəmli şairin irsinin tədqiq olunması, Azərbaycanda nəşr edilən kitabları barədə danışıblar.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiyə Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən növbəti tədbir “Qazax ədəbiyyatı günü”nə həsr edilib. “Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel toplantısında festivalın koordinatoru, şair Xəyal Rza, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri – Qazaxıstan nümayəndəsi Talqat Muxanov çıxış ediblər.
Tədbirdə qazax xalq musiqisi səslənib və qazax ədəbiyyatının klassiki Abayın şeirləri oxunub.
Bir sözlə festival olduqca zəngin proqramı ilə paytaxtımızın mədəni həyatına yeni rəng qatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts