Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Tokio, 10 may , /AJMEDIA/

Bu günlərdə Azərbaycanda keçirilən Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı başa çatıb. Yeddi gün ərzində Bakı və Gəncə şəhərlərində konsertlər verilib. Ən müxtəlif səhnələrdə adlı-sanlı xarici və yerli ifaçılar – həm gənc opera müğənniləri, həm də 4-14 yaş arasında gənc istedadlar çıxıblar. Festivalın təşkilatçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva başa çatan festival barədə təəssüratlarını və gələcək planlarını AJMEDIA-nın müxbiri il bölüşüb.

-Fidan xanım, artıq festival başa çatıb. Təəssüratlarınız barədə danışardınız…

-İndiyədək bu tədbirin təəssüratı altındayam! Çox çətin, eyni zamanda, olduqca maraqlı idi. Məndə elə təəssürat yaranıb ki, sanki yeddi gün deyil, tam yeddi il keçib. Bu vaxtadək konsertlər, tədbirlər təşkil etmişəm, amma bir və ya maksimim iki gün ərzində. Yeddi gün ardıcıl tədbir isə heç vaxt olmayıb. Çox böyük yük altında idim. Bu, hər şeydən əvvəl, bütün proseslərini – zalların, biletlərin, məşqlərin, partituraların, orkestrin, solistlərin, qonaqların təşkilindən ibarət idi. Qonaqları qarşılamaq, yerləşdirmək, onlara şəhəri göstərmək, məşqlərini planlaşdırmaq lazım gəlirdi. Festivalda uşaqlar çıxış etdilər. Onlarla işləmək böyük sevincdir, amma çox çətindir. Festival “Karmen” operasının yeni quruluşunun premyerası ilə açıldı və ondan əvvəl biz tam bir ay fasiləsiz məşq etdik. Bundan əlavə, Gəncəyə səfərimiz oldu.

Mənə güc verdiyi üçün Allaha şükür etmək istəyirəm. Festival yeni başlayanda başa düşdüm ki, üzərimə çox böyük məsuliyyət götürmüşəm. Əllərimi qaldırıb dedim: “Mənə kömək et, çünki mən təkbaşına bacarmaram, bunu etmək üçün mənə güc ver”.

Planlaşdırma məsələsində çox yaxşıyam. Hər günümü planlaşdırıram. Festivalda da hər şeyi əvvəlcədən planlaşdırdım və bütün işlər saat mexanizmi kimi getdi. Mən çox çalışdım. Amma Allah mənə kömək etməsəydi, belə bir uğur olmazdı.

Bütün sevdiklərimə, dostlarıma, ailəmə, mənə kömək edən, dəstək olan həmkarlarıma, festivalda çıxış edən müğənnilərə, Opera və Balet Teatrının orkestrinə təşəkkür edirəm. Əlbəttə ki, tamaşaçılara çox minnətdaram, konsertlərimiz anşlaqla keçirdi, doğrusu, mən belə olacağını gözləmirdim. Biletlər bir-iki həftəyə satıldı.

-Festivalın yeddi günündən sizin üçün ən əlamətdar olanı hansıdır?

-Əlbəttə, festivalın hər bir günü mühüm və özünəməxsus şəkildə xüsusi oldu, onların hamısı müxtəlif idi. Amma mən ayrıca olaraq “Karmen” operasının yeni quruluşunu və bizim “Viva Opera”da yekun konsertimizi qeyd etmək istərdim. Orada möhtəşəm səslər vardı! Mən bir daha əmin oldum ki, bizdə istedadlı ifaçılar var. Onları dəstəkləmək lazımdır. Elə etməliyik ki, onlar təkcə Azərbaycanda yox, həm də bütün dünyada çıxış etsinlər. Gənclərə daha geniş yol açmalıyıq. Onlara imkan yaratmalıyıq ki, böyük səhnədə çıxış edə bilsinlər.

-Bir ildən sonra II Beynəlxalq Opera Festivalını görə biləcəyik?

-Bəli. Mütləq görəcəksiniz. Birinci festivalda iştirak edən qonaqlar ikinci festivala mütləq gələcəklərini, Azərbaycana yenidən səfər etmək istədiklərini və hər şeyi çox bəyəndiklərini söylədilər. Bizim solistlər isə deyirlər ki, gələn il mütləq festival təşkil etməliyik. Düşünürəm ki, həmin tədbir aprel ayında yenidən baş tutacaq, bu ay çox xoşuma gəlir, ilin çox gözəl, şən fəslidir, ətrafda hər şey çiçək açır. Artıq bəzi planlarım var. Maraqlı repertuar, maraqlı duetlər, bəlkə də yeni opera olacaq. Hələlik fikirlərimi açıqlamaq istəməzdim, qoy sürpriz olaraq qalsın. Amma deyim ki, ikinci festivalı insanlar üçün daha maraqlı etmək üçün bir az fərqli konsepsiya olacaq.

İndi opera lazımdır, onu inkişaf etdirməliyik. Opera sənəti insanların daxili mədəni aləmini zənginləşdirir. Klassik musiqi düşünməyə sövq edir və bu, mənəvi dünyamızı da gözəlləşdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts