Bakı açıq rəqs müsabiqəsinin qalibləri müəyyənləşib

Tokio, 12 mart , /AJMEDIA/

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə beynəlxalq dərəcəli rəqs müsabiqəsi keçirilib.

AJMEDIA xəbər verir ki, dörd hissədən ibarət “Baku Open Dance Championship 2024” müsabiqəsində mindən çox iştirakçı müxtəlif yaş qruplarında mübarizə aparıb. Müsabiqənin birinci hissəsində gimnastik-akrobatik rəqs və “cheer dance” iştirakçıları, ikinci hissədə akademik rəqs, “show dance” və hip-hip rəqsinin iştirakçıları, üçüncü hissədə “Bollywood”, klassik hind və dünya xalq rəqslərinin iştirakçıları, dördüncü hissədə isə folklor etnik, folklor stilizasiya və “folklor show” rəqslərinin iştirakçıları yarışıblar.

Müsabiqəyə həm Bakıdan, həm də respublikamızın digər bölgələrindən, eləcə də Belarusdan iştirakçılar qatılıblar.

“Baku Open Dance Championship 2024” müsabiqəsində rəqqasların çıxışları peşəkar münsiflər – Azərbaycan Rəqs Assosiasiyasının vitse-prezidenti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Ülviyyə Həsənova, Azərbaycan Dövlət “Cəngi” rəqs ansamblının baş baletmeysteri Fərhad Əliyev, Əməkdar artist Fərid İbrahimov tərəfindən qiymətləndirilib.

Laureat sahibləri və qaliblər mükafatlandırılıblar.

Layihənin rəhbəri, Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov bildirib ki, müsabiqənin təşkilində məqsəd mədəni dəyərləri daha da gücləndirmək, incəsənətin bütün növlərinin elementlərini özündə cəmləşdirən, şəxsiyyətin, onun mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən rəqs incəsənətinin mahiyyətini təqdim etməkdir.

Azərbaycan Gənclər İttifaqı İctimai Birliyinin sədri Zakir Əliyev qeyd edib ki, müsabiqənin məqsədi uşaq və yeniyetmələrin istedadlarını üzə çıxarmaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Növbəti beynəlxalq dərəcəli müsabiqələr və çempionatlar üçün Türkiyə, Gürcüstan və digər ölkələrdən də iştirakçıların qatılması nəzərdə tutulur. Beynəlxalq dərəcəli müsabiqələrə də Azərbaycanı təmsil edən komandalarla qatılmağı planlayırıq.

“Baku Open Dance Championship 2024” müsabiqəsinin çempionları daha çox nominasiya üzrə qalib gələn Azərbaycanın “Qaval”, “Xəmsə”, Belarusun “Darling” və “Strekozza” komandaları olub.

Qeyd edək ki, belaruslu iştirakçılara Rəşid Behbudov adına Mahnı Teatrında Rimma İsgəndərova tərəfindən ustad dərsi keçilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts