Azərbaycanda dünyanın ən kiçik xalçası toxundu

Tokio, 22 noyabr , /AJMEDIA/

Azərbaycanlı xalçaçı həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. Yeni toxunan xalçada cəmi 41 sıra, onun hər bir kvadrat santimetrində isə 311 ilmə var.
AJMEDIA xəbər verir ki, Lerik rayonunun Monidigah kənd sakini, miniatür xalça ustası İlqamət Hadiyev dünyada ən kiçik ölçülərə malik xalça toxuyub. Xalçanın üzərində Qələbəmizin simvolu olan “Dəmir yumruq” şəkli əks olunub. O, əl işini Vətən müharibəsində Müzəffər Ordumuzun əldə etdiyi şanlı Zəfərə həsr edib: “Dəmir yumruq” xalçasını beş gün ərzində toxuyub bitirmişəm. Bu xalça nəinki mənim toxuduğum miniatür xalçalar arasında, hətta dünyada ən kiçik ölçülü xalçadır. Eni 1,8 santimetr, uzunluğu 2,2 santimetr, qalınlığı isə 1 millimetrdir. Xalçanın hər kvadrat santimetrinə 311 ilmə düşür. Ötən il bundan bir az böyük, Vətən müharibəsində şəhid olan igidlərin əziz xatirəsinə “Xarıbülbül” xalçası həsr etmişdim. Onun eni 1,9 santimetr, uzunluğu isə 2,1 santimetrdir. Həmin xalçada cəmi 33 sıra, hər kvadrat santimetrində 275 ilmə var. “Xarıbülbül” xalçasının qalınlığı da 1 millimetrdir. Beləliklə, həm dünya rekordunu, həm də öz rekordumu təzələmiş oldum”.
Miniatür xalça ustası İlqamət Hadiyev deyir ki, bu sənətə olan marağı ona anasından ötürülüb. Uşaq vaxtından toxucu anasının əllərinə baxaraq bu sənəti öyrənib: “Anam xalçaçı olub. Mən 5-ci sinifdə oxuyurdum. Evin ən böyük uşağı idim. Anamın xalça toxumağına, necə ilmə vurmasına həvəslə tamaşa edirdim. İllər keçdikdən sonra iqtisadiyyat üzrə təhsil aldım, dövlət qulluğunda çalışdım. Xalçaçılıqla hobbi kimi məşğul olmağı qarşıma məqsəd qoydum və ilk işimdə sadə üsulla xalça toxudum. Ondan sonra biznes layihə kimi fikirləşdim ki, dünyanın bütün bayraqlarını bir xalçada toxuyum. Bu işi reallaşdırdım və yaxşı nəticə alındı. Rayonumuza gələn xarici və yerli turistlər bu xalçaya böyük maraq göstərdilər”.
Toxuduğu xalçalara insanların böyük maraq göstərməsi İlqamət Hadiyev bir qədər də ruhlandırır. Hətta 5 il bundan əvvəl fərdi sərgisini keçirir: “İlk dəfə 2017-ci ildə Lerik rayon Rəsm Qalereyasında fərdi sərgim təşkil olunub. Rayon və region tədbirlərinə dəvət almağa başladım. Beləliklə, xalçaçılıq üzrə nəzəri biliklərimi də artırdım”.
İlqamət Hadiyev internetdə bu sahədə axtarışlar edərkən, onu narahat edən məqamla da rastlaşıb. Belə ki, Ukraynada yaşayan ermənilərin toxuduqları kiçikölçülü xalçanın “Ginnesin Rekordlar Kitabı”na daxil edilməsi üçün müraciət olunmasına rast gəlir. Amma İlqamət Hadiyevin hazırladığı xalça ölçüsünə görə ondan daha kiçik, həm də xalçaçılığa aid bütün kriteriyalar üzrə daha üstündür. “Məlumdur ki, xalçaçılıq xalqımızın sənət pasportudur, ona görə də başqalarının xalçaçılığı öz xalqının adına çıxması mənə pis təsir göstərdi və bu işi tezləşdirməyi qarşıma məqsəd qoydum. Beləliklə, dünyanın ən kiçik miniatür xalçalarını toxumağa başladım. Toxuduğum stolüstü ən kiçik miniatür xalça Ümummilli Lider Heydər Əliyevin imzası olan xalçadır. Sonra Azərbaycan Respublikasının Gerbi və Azərbaycanın Dövlət Bayrağını toxudum. Daha sonra “Zaman karvanı” xalçasını toxumağa başladım. Bu xalça əsərlərimin içərisində mükəmməl işlərdən biridir və ekspertlərin rəyinə əsasən ən qiymətli xalçalardandır”, – deyə həmsöhbətimiz bildirib.
İlqamət Hadiyevin toxuduğu kiçik xalçalar içərisində tariximizin daş yaddaşı olan Qobustan qayaüstü rəsmlərinin əks olunduğu miniatür xalça, bayrağımızın rənglərini özündə əks etdirən “Buta” xalçası da var. Deyir ki, miniatür “Qarabağ xalçası” əl işləri içərisində ən sıx toxunuşa malik olanıdır. Burada hər kvadrat santimetrdə 315 ilmə var. “Qarabağ xalçası”nı Qarabağ xalçaları kataloquna baxıb toxuyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts