Azərbaycana gətirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam etdirilir

Tokio, 3 oktyabr , /AJMEDIA/

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 29 nəfər ukraynalı azyaşlı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AJMEDIA-ya verilən xəbərə görə, Bakı şəhərindəki düşərgədə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil edilib. Daha sonra uşaqlar Yanardağ və Atəşgah məbədinə, eləcə də Azərbaycan Milli Xalça Muzeyi, Qız qalası və digər tarixi yerlərə ekskursiya ediblər.
Qəbələ şəhərindəki düşərgəyə yola salınan ukraynalı uşaqlar burada qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb ediləcəklər. Düşərgə iştirakçıları regionun tarixi və görməli yerləri ilə tanış olmaq imkanı da əldə edəcəklər.
On beş günlük sosial reabilitasiya proqramı çərçivəsində azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts