Avstraliyada baş vermiş silsilə zəlzələlər nəticəsində bu ölkədə yaşayan soydaşlarımıza zərər dəyməyib

Tokio, 23 Sentyabr, /AJMEDIA/

Sentyabrın 22-də səhər saatlarında Avstraliyanın cənub-şərq sahillərində baş verən silsilə zəlzələlər nəticəsində bu ölkədə yaşayan soydaşlarımıza zərər dəyməyib.

Bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov məlumat verib. Ötən müddət ərzində səfirlikdə fəaliyyət göstərən “qaynar xəttə” zənglərin daxil olmadığını bildirən müvəqqəti işlər vəkili, təbii fəlakətin baş verdiyi ərazidə yaşayan soydaşlarımızla şəxsən əlaqə saxladığını da bildirib. Qeyd edib ki, fəlakət zonasında bir sıra dağıntılar qeydə alınsa da, bu soydaşlarımıza zərər vurmayıb.

Xatırladaq ki, sentyabrın 22-də yerli vaxtla səhər saat 9:15 dəqiqədə Avstraliyanın cənub-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. Bunun ardınca afterşoklar qeydə alınıb. Ştat hökumətinin yaydığı məlumata görə, zəlzələnin ilk zərbəsinin qeydə alındığı Mansfild qəsəbəsində 46 tikili xəsarət alıb. Bundan əlavə, Melburnda və ətraf qəsəbələrdə də dağıntılar qeydə alınıb. Şəhərin bir sıra rayonlarında elektrik xətləri qırıldığına görə enerjinin verilişi kəsilib.

Melburnun şimalında yerləşən Mansfild və Benalledə, həmçinin meqapolisin cənub-qərbindəki Dandenonq qəsəbəsində fövqəladə yardım mərkəzləri yaradılıb. Melburndakı hündür mərtəbəli binaların sakinləri təxliyə olunub.

Yeraltı təkanlar Melburnun şimal-şərqində yerləşən Mansfild qəsəbəsində qeydə alınıb. Seysmoloqların məlumatına əsasən, zəlzələnin episentri yaxınlıqdakı dağlıq ərazidə, ocağı 10 kilometr dərinlikdə yerləşib. İkinci yeraltı təkan 15 dəqiqə sonra 150 kilometr cənubda Tompson-dam bəndi yaxınlığında, üçüncüsü isə Kanberradan 22 kilometr cənubda, Tredbo kəndi yaxınlığında qeydə alınıb.

Yeraltı təkanlar Viktoriya və yeni Cənubi Uels ştatlarında, Kanberra, Sidney və Adelaida şəhərlərində, həmçinin Sidneyin qərbində və Tasmaniyadakı Lonseston şəhərində hiss edilib. Ən güclü təkanlar Melburn və Mansfilddə qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts