“Atam və anam göydədirlər, oradan mənə baxırlar” – erməni terrorunun acısını yaşayan 4 yaşlı Nilay

Tokio, 11 oktyabr , /AJMEDIA/

Vətən müharibəsi dövründə cəbhədə ordumuzun uğurlu əməliyyatları davam etdikcə mənfur düşmən daha da azğınlaşır, həmişəki adətinə sadiq olaraq mülki əhalini hədəfə almaqdan bir an belə çəkinmirdi. Gəncə şəhəri müharibənin ilk günlərindən düşmənin bu xislətini ən acı formada görmüşdü. 2020-ci il oktyabrın 11-də gecə saatlarında baş verən növbəti raket hücumu nəticəsində dinc insanların yaşadığı bina yerlə-bir oldu, 10 mülki şəxs həlak oldu, 40 nəfər yaralandı. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.
AJMEDIA xəbər verir ki, erməni terroru nəticəsində 2 yaşında hər iki valideynini itirən, özü isə müxtəlif bədən xəsarətləri alan Nilay Əliyeva və ana nənəsi Sevil Babazadə ilə görüşülüb.
Nilay baş verən dəhşətlərdən, ata və anasının həlak olmasından xəbərsizdir. Ancaq ona ünvanlanan suallara verdiyi cavablarda əslində hər şeyin fərqində olduğunu görürsən. “Mənim atam və anam göydədirlər. Onlar oradan mənə baxırlar. Bilirəm ki, mən böyüyəndə onlar geri qayıdacaqlar,” – deyən 4 yaşlı Nilay bəlkə də başa düşür ki, valideynləri heç vaxt geri qayıtmayacaq, ancaq qızcığaz özündə belə təsəlli tapır…
Nənəsi Sevil Babazadə valideynlərinin yoxluğunu Nilaya hiss etdirməməyə çalışır. Elə Gəncə əhalisi də Nilaya xüsusi qayğı və sevgi ilə yanaşır: “Bizimlə hər gün maraqlanırlar. Ehtiyaclarımız, qayğılarımız barədə soruşurlar. Hər birinə təşəkkür edirəm. Əsas odur ki, dövlətimiz, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman bizim yanımızdadır. Onlar tərəfindən yeni ev, əşya və lazım ola biləcək hər şeylə təmin edilmişik. Bu, Nilay üçün ən böyük dəstəkdir. O, özü böyüyəndə bunları daha yaxşı başa düşəcək”.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla, 175 nəfər yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts