Arıqlamaq üçün tətbiq edilən düzgün olmayan vasitələr ağır xəstəliklər yarada bilər

Tokio, 8 aprel , /AJMEDIA/

Gözəl görünmək, arıq və ideal bədən quruluşuna sahib olmaq hər bir xanımın arzusudur və hər zaman aktual məsələdir. Ona görə də qadınlar artıq çəki məsələsində olduqca həssasdırlar. Xanımlar bəzən arıqlamaq üçün müxtəlif üsullara əl atırlar. Lakin nəticə əldə etmək üçün istifadə olunan vasitələr haqqında məlumatlı olmaq lazımdır. Son vaxtlar arıqlamaq üçün ən çox istifadə olunan vasitələrdən biri yapışqan bantlardır.
AJMEDIA xəbər verir ki, onun orqanizmə göstərdiyi təsir barədə məlumat verən həkim-diyetoloq Şəfa Yadigarova deyib: “Bədənin hansısa nöqtəsinə və ya nayihəsinə qoyulan vasitənin orqanizmə təsir etməsi inandırıcı deyil. Əslində hər şey orqanizmin daxilindən baş verməlidir. Burada biokimyəvi proseslər baş verməlidir, yoxsa bir plastr yapışdırmaqla orqanizmdə heç bir proses baş verə bilməz. İnsan həyat tərzini, qida rejimini, yuxu və su balansını dəyişmirsə, onun arıqlamasına nə kömək edə bilər? Bu, ən böyük cəfəngiyatdır”.
Həkim-diyetoloq bildirib ki, çəki atmaq üçün düzgün qidalanma rejiminə əməl edilməlidir: “Arıqladıcı çayların və tərkibini tam şəkildə bilmədiyimiz digər vasitələrin orqanizmə uyğun olub-olmadığını, göstərdiyi müsbət və mənfi cəhətləri öyrənmədən onları tətbiq etmək olmaz. Bu, süni olaraq infarkt, insult, işemiya, damar problemi və ateroskleroz kimi xəstəliklər yarada bilər. Daimi olaraq detoks çaylar və arıqladıcı vasitələrdən istifadə edilməsinin xeyrindən çox zərəri var. Çox vaxt onların kor-koranə istifadəsi bağırsaq və mədə xərçənginə aparıb çıxarır”.
Həmin vasitələrdən istifadə etdikdən sonra yenidən kökəlmə faizi çox yüksəkdir. Ona görə də ən sağlam yol idman və sağlam qidalanmadır. Bundan başqa artıq çəki atmağa başlamazdan qabaq kökəlmənin səbəbini araşdırmaq lazımdır, çünki bu təkcə qidalanma yox, qalxanvari vəz, hormonal səbəblər, mədəaltı vəzin fəaliyyətində pozulma və qadın xəstəlikləri ilə də əlaqədar ola bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts