Zoologiya İnstitutunda Qarabağın balıqçılıq potensialının inkişaf etdirilməsi üçün tədqiqatlara başlanılıb

Tokio, 24 yanvar, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmin olunmasına dəstək vermək məqsədilə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək üçün təqiqatlara başlanılıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Azərbaycanda balıq istehlakının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur.

Zoologiya İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanovun sözlərinə görə, qlobal iqlim dəyişikliyi səbəbindən Azərbaycanın çaylarında suyun səviyyəsinin düşməsi balıq ehtiyatının azalmasına səbəb olub. Süleyman Süleymanov Azərbaycanın regionlarında ekspedisiyalar zamanı real vəziyyətin müşahidə edildiyini, nərəcinsli və digər növlərdən olan balıq ehtiyatının, onların yayılmasının, növ tərkibinin araşdırıldığını bildirib: “Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, Kür və Araz çaylarında suyun səviyyəsi 50-60 faiz azalıb. Kür çayı, demək olar ki, dənizə çatmır. Bunun nəticəsində nərəkimilərin və qızıl balıqların ehtiyatının kəskin azalması gözlənilir. Qeyd olunan problemlərin qarşısını almaq, Azərbaycanın ərzaq təhlükəsizliyi və əhalinin daha keyfiyyətli qidalarla təmini üçün bu sahədə ciddi tədbirlər görülməlidir. Bu məqsədlə işğaldan azad olmuş ərazilərin potensialından istifadə etmək mümkündür”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts