“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb

Tokio, 3 iyul , /AJMEDIA/

“Yüksəliş” müsabiqəsinin üç gün davam edən yarımfinal mərhələsi yekunlaşıb.
AJMEDIA xəbər verir ki, yarımfinal mərhələsinin bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara nümayiş etdirdikləri maraqlı mübarizə üçün təşəkkür edib, onlara uğurlar arzulayıb.
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən yarımfinal mərhələsində müsabiqənin əvvəlki mərhələlərini uğurla geridə qoyan iştirakçılardan 333 nəfəri finalçı olmaq uğrunda mübarizə aparıb.
İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. Namizədlərin səriştələrinin qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparılır. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.
Yarımfinal mərhələsinin nəticələri növbəti 3-5 iş günü ərzində açıqlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. Qeyd edək ki, 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Müsabiqənin final mərhələsi iyulun 15-16-sı tarixlərində baş tutacaq. Bununla da, üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts