Tokio,12 dekabr, /AJMEDIA/
Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Karyera Həftəsi 2025” çərçivəsində növbəti sərgi keçirilib.
BMU-dan AJMEDIA-ya bildirilib ki, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə və məzunları üçün təşkil edilən karyera sərgisində Mərkəzi Bank, “KPMG Azerbaijan”, Aqrar Sığorta Fondu, “Azər-Türk Bank” ASC, “Atəşgah” sığorta, “Unibank”, “Kapital Bank”, “Meqa Həyat” sığorta, “Yapı Kredi Bank”, “EY Azerbaijan” və digər şirkətlər təmsil olunub.
BMU-nun rektoru Yaqub Piriyev sərgi ilə tanış olaraq universitetlə dövlət və özəl müəssisələrin əməkdaşlığının gücləndirilməsi məsələlərinə diqqət çəkib. Qeyd edib ki, bu cür tədbirlər gənclərin real iş mühiti ilə tanış olmasına, peşə bacarıqlarının inkişafına və karyera perspektivlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Rektor sərgidə iştirak edən bütün şirkətlərə təşəkkürünü bildirib və belə əməkdaşlığın davam etdiriləcəyinə inamını vurğulayıb.
Sərgidə nümayiş etdirilən bütün stendlərə baxış zamanı tələbə və məzunlar şirkətlərin fəaliyyəti, xidmətləri, yaratdıqları karyera imkanları və konkret vakansiyalarla tanış olublar.
Qeyd edək ki, “Karyera Həftəsi 2025” çərçivəsində sonuncu sərgi dekabrın 16-da İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün keçiriləcək.
