“Konstitusiya və Suverenlik İli”, Zəfərin 5-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş minifutbol turniri keçirilir

Tokio, 13 oktyabr, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Konstitusiya və Suverenlik İli”, Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü və AMEA-nın təsis edilməsinin 80 illiyi münasibətilə Yasamal rayonu ərazisindəki müəssisə və təşkilatların, AMEA-nın institutlararası komandalarının minifutbol yarışmasının açılış mərasimi keçirilib.

Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizin ərazi bütövlüyünün tam bərpasının, dövlət müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinin tarixi və mənəvi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan xalqı öz taleyinin əsl sahibidir, milli birliyimiz, Ordumuzun qüdrəti və dövlət rəhbərliyinin qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunub, ədalət bərpa edilib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, belə tədbirlərin təşkili həm gənc nəslin milli ruhda formalaşmasına, həm də elm və idman vəhdətinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin AMEA-ya göstərdiyi böyük diqqət və qayğının ölkəmizdə elmin inkişafına verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın elm və təhsilin strateji əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edib.

AMEA-nın prezidenti futbol turnirinin alim və mütəxəssisləri həm elmi, həm də idman ruhunda birləşdirdiyini qeyd edərək bütün komandalara uğurlar arzulayıb.

Açılış mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid Həmidağa Hüseynzadənin atası Bağı kişi, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Bakı Şəhəri Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov çıxış ediblər. Qeyd ediblər ki, bu kimi tədbirlərdə tərəfdaş qismində iştirak etmək böyük qürur doğurur. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli”ndə həm Vətən müharibəsində qazanılmış Zəfərin, həm də AMEA-nın 80 illik yubileyinin qeyd olunması dərin rəmzi məna daşıyır. Turnir elm və idman dəyərlərinin vəhdətini əks etdirən bir hadisə kimi qiymətləndirilib.

Tədbirdə çıxış edənlər şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildirərək, onların göstərdiyi qəhrəmanlığın hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulayıblar. Qeyd edilib ki, Vətən müharibəsində rəşadət göstərən igidlər arasında idmançıların da yer alması həm fiziki, həm də mənəvi gücün vəhdətinin bariz göstəricisidir.

Sonra yarışın gündəliyi barədə məlumat verilib, iştirakçı komandaların kapitanlarına idman formaları təqdim olunub.

Sonda turnirə start verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts