“Yüksəliş” müsabiqəsinin finalçıları müəyyən edildi

Tokio, 7 iyul , /AJMEDIA/

İyulun 1-3-də baş tutan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb.
AJMEDIA xəbər verir ki, yarımfinal mərhələsində iştirak edən 317 namizəddən 116-sı final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
Ümumilikdə Bakı üzrə 80, regionlar üzrə 36 nəfər iştirakçı yarımfinal mərhələsinə buraxılıb. Onlardan 99 nəfəri kişi, 17 nəfəri isə qadındır. Finalçıların 41 faizi birinci “Yüksəliş” müsabiqəsinin iştirakçısı olub. Qeyd edək ki, finalçılar arasında müxtəlif sahələrdən beynəlxalq, özəl və dövlət qurumlarında, həmçinin, QHT-də çalışan namizədlər yer alır.
Müsabiqənin final mərhələsində iştirakçılar 3 gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçıların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər və idarəçi rəhbərlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.
“Yüksəliş” müsabiqəsinin final mərhələsi iyulun 15-17-də “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq.
Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 12 min 299 nəfər müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts