Yeni Azərbaycan Partiyasının irəli sürülən təşəbbüslərinin əsasında güclü dövlət, yüksək rifah prinsipi dayanır

Tokio, 27 Noyabr, /AJMEDIA/

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Noyabrın 26-da YAP Xətai rayon təşkilatı Xudu Məmmədov küçəsi 3 və Xudu Məmmədov küçəsi 3/1 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib.

YAP Xətai rayon təşkilatından AJMEDIA-ya bildirilib ki, tədbirdə hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, ötən illərin reallıqları ölkəmizin qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini təsdiqləyir: “Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla həyata keçirilir. Bu baxımdan son illər islahatlar konsepsiyasının reallaşması, bu addımların ölkə həyatına gətirdiyi yeniliklər diqqətdədir. Uğurlarımızın memarı, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət, bütün istiqamətlərdə görülən kompleks tədbirlər ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi, tariximizə Zəfər Gününün yazılması ilə nəticələndi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimiz və xalqımız üçün olduqca mühüm tarixi vəzifəni şərəflə yerinə yetirdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi tariximizin ən qüdrətli sərkərdəsi oldu”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət sistemli, ardıcıl və məqsədyönlüdür. Ən əsası bu siyasət hər addımda dövlətə və xalqa xidmət missiyasına söykənir. Vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha sarsılmaz edir. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyi, həmrəyliyi bir daha dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizdən sonra Azərbaycanın həyatında başlanan yeni mərhələnin hədəfləri qarşıdakı dövrdə ölkəmizə, xalqımıza Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yeni zəfərlər və uğurlar vəd edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası hədəflərini zamanın, dövrün tələblərinə uyğun müəyyənləşdirsə də bütün hallarda atılan addımların, qəbul olunan qərarların, irəli sürülən təşəbbüslərin əsasında güclü dövlət, yüksək rifah prinsipi dayanır. YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək bunu əməli fəaliyyətində təsdiqləyir. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” tezisi bütün dövrlərdə aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir.

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Taryel Şıxbalayev Xudu Məmmədov küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Səltənət Əhmədova sədr müavini, Raminə Abdullayeva Xudu Məmmədov küçəsi 3/1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Şəhla Lətifova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts