YARAT Müasir İncəsənət Məktəbini təqdim edir

Tokio, 2 aprel , /AJMEDIA/

Aprelin 1-də YARAT Müasir İncəsənət Məktəbində Sabina Şıxlinskayanın müəllif kursu açılıb. Bir il ərzində rəssam, kurator, art-menecer, art-tənqidçi və tədqiqatçılar üçün nəzərdə tutulmuş kursda fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj və animasiya istiqamətləri üzrə təlimlər keçiriləcək.

Açılış mərasimində AJMEDIA-ya müsahibə verən Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya kurs barədə deyib: “Bu gün biz Azərbaycanda ilk dəfə Müasir İncəsənət Məktəbi kursunu açırıq. YARAT-ın 10 il ərzində müasir incəsənət sahəsində fəaliyyəti bizə imkan verir ki, belə bir kursa başlayaq. Kursa yazılma müsabiqə əsasında keçirilib. Bizə müraciət edən 120 tələbədən 29-nu seçdik. Onların hamısı rəssam olmayacaq. Onlardan bəziləri kursu bitirəndən sonra art-kurator, art-menecer, art-tənqidçi və müasir incəsənətin müxtəlif istiqamətləri üzrə rəssam peşəsinə yiyələnəcəklər. Tələbələr 1 il ərzində tədris etdiyimiz sahələr üzrə əsas biliklər qazanacaq. Azərbaycanda bu cür biliklərə bizdən başqa heç bir tədris müəssisəsində yiyələnmək mümkün deyil. Bizim kursu bitirən tələbələrə sertifikat veriləcək ki, bu da onlara gələcək peşə fəaliyyətində köməklik göstərəcək”.

Sabina Şıxlinskaya kurslarda tələbələrə müasir incəsənətin incəliklərini öyrədəcək tanınmış incəsənət xadimlərinin adlarını da çəkib: “Bizə dəstək olmaq üçün tanınmış fotoqraf Eldar Əkbərov foto sənətinin sirlərini öyrədəcək. Filosof, art-tənqidçi Teymur Daimi mühazirə oxuyacaq. Kulturoloq, fəlsəfə üzrə professor Elçin Şamilli öz fikirlərini tələbələrlə bölüşəcək. Tanınmış art-menecerlər Cahangir Səlimxanov, Əsmər Abdullayeva, art-tənqidçi Şirin Məlikova və s. Bundan əlavə, Rusiya, Ukrayna, Avstriya, Almaniya, Polşa və Latviyadan müasir incəsənət sahəsində çalışan peşəkarlar onlayn olaraq mühazirələr oxuyacaq”.

Bildirib ki, layihənin sonunda kursu bitirən tələbələr bir il ərzində topladıqları təcrübəni insanlarla bölüşmək üçün öz işlərini sərgi şəklində nümayiş etdirəcəklər. Əl işləri İçərişəhərin bir neçə məkanlarında sərgilənəcək.

Açılış mərasimində YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Fərəh Ələkbərli bildirib ki, ötən il YARAT Müasir İncəsənət Məkanı öz 10 illiyini qeyd edib. Bu vaxt ərzində YARAT hər zaman Azərbaycan müasir incəsənətinin ölkədə və xaricdə inkişafına və təbliğinə töhfə verib. YARAT-ın təhsil layihələrinin bu sahədə inkişafında böyük rolu olub. Buna görə də bugünkü gənc rəssamlar YARAT-ın məhsuludur: “Onlar bu yolu bizimlə bir yerdə keçib. 10 il ərzində tanınmış rəssamlarla ustad dərslərimiz, görüşlərimiz olub. Bu gün bizi buraya toplayan Müasir İncəsənət Məktəbi layihəsidir. Bu bizim üçün önəmli addımdır, çünki layihə təlimə qatılan gənclərə eksperimental ideyalarını gerçəkləşdirməyə köməklik edir”.

Sonra iştirakçılar səhnəyə dəvət olunub. Onlara müvəffəqiyyətlər arzu edən Sabina Şıxlinskaya bildirib ki, kurs zamanı əldə etdikləri nailiyyətlər peşəkar sənətdə onların üzünə yeni-yeni qapılar açacaq.

Sonda “Ön söz – on söz” sənədli film nümayiş olunub. YARAT Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın yaradıcılığından bəhs edən filmdə onun ilham aldığı məqamlara toxunulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts