Yaponiyanın yutub kanalı Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə xüsusi veriliş yayımlayıb VİDEO

Tokio, 15 sentyabr , /AJMEDIA/

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalı Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə xüsusi veriliş yayımlayıb.
AJMEDIA xəbər verir ki, “Enerji böhranı: Azərbaycanla Ermənistan arasında gərginliyin artması Avropanın qaz təchizatında həyəcanı artırır” adlı verilişdə kanalın prodüseri və aparıcısı Kazuyasu İşida yapon izləyicilərə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat və nəticədə Azərbaycan hərbçilərinin şəhid olması barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Rusiya və Azərbaycan ilə imzaladığı üçtərəfli bəyanatların müddəalarını pozur, bununla da rəsmi Bakının sülh gündəliyinə və regional əməkdaşlığa dair təşəbbüslərinə əngəl törətməyə çalışır. Azərbaycanın enerji ehtiyatlarını Avropaya daşıyan kəmərlərin keçdiyi Gəncə şəhəri haqqında məlumat verən aparıcı, hələ İkinci Qarabağ müharibəsi vaxtı ermənilərin bu şəhərə raketlərlə zərbələr endirdiyini xatırladıb. Qeyd edib ki, bu təxribata cavab olaraq Azərbaycan Ordusu müdafiə tədbirlərə görmək məcburiyyətində qalıb. Düşmən hücumunun qarşısını cəsarətlə alan Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin yerləşdiyi bir neçə yüksəkliyi nəzarət altına alıb. Vurğulayıb ki, Azərbaycan haqlı olaraq üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsini və qanunsuz erməni silahlılarının öz ərazisindən çıxarılmasını tələb edir.
Verilişdə Azərbaycanın Avropanın enerji təminatında oynadığı roldan xüsusi bəhs edən aparıcı, münaqişənin yenidən qızışmasının daha böyük fəlakətlərə yol aça biləcəyi barədə xəbərdarlıq edib. Vurğulayıb ki, baş verənlər Avropanın enerji təminatında Azərbaycandan keçən Şərq-Qərb dəhlizinin əhəmiyyətini bir daha təsdiq edir. Təxribatın Azərbaycan-Ermənistan sərhədində törədilməsi isə Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək məqsədi daşıyır.
Münaqişənin tarixinə toxunan aparıcı 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanan Azərbaycan ərazilərinin 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Vətən müharibəsi nəticəsində azad edildiyini, ölkə rəhbərliyinin bu torpaqlarda böyük bərpa və quruculuq işləri apardığını xüsusi qeyd edib. Bildirib ki, üçtərəfli bəyanatların şərtlərini yerinə yetirmək istəməyən Ermənistan regionda sabitliyin davamlı olmasına, sülh və əmin-amanlığın yaranmasına əngəl törətməkdə davam edir.
Qeyd edək ki, Kazuyasu İşidanın rəhbərlik etdiyi “Cross Border Club 3.0” kanalının 112 mindən çox abunəçisi, 500 minə yaxın izləyicisi var.


Follow us on social

Facebook Twitter Youtube

Related Posts