Yaponiyanın Hiroşima şəhərində Azərbaycan haqda təqdimat izləyicilər tərəfindən maraqla qarşılanıb

Tokio, 28 noyabr , /AJMEDIA/

Yaponiyanın Hiroşima şəhərində keçirilən Azərbaycan haqqında təqdimat izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
AJMEDIA xəbər verir ki, həmin şəhərdə yaşayan və turizm sahəsində çalışan soydaşımız Nemət Mirzənin hazırladığı təqdimatda həm ölkəmiz haqda geniş məlumat verilib, həm də iştirakçılara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan təqdimatı Hiroşima şəhərinin sakinləri həm əyani, həm də “zoom” vasitəsilə izləyiblər. Tədbir iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, qədim və zəngin tarixi, əsrarəngiz mədəniyyəti və təbiəti haqqında məlumatlar çatdırılıb.
Təqribən iki saata yaxın davam edən təqdimatda yapon izləyicilərə 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi, qəhrəman Azərbaycan Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın dövrdə əsarətdə saxladığı torpaqların azad edilməsi barədə ətraflı məlumat verilib. Hazırda həmin ərazilərdə ölkəmizin rəhbərliyi tərəfindən aparılan nəhəng bərpa və quruculuq işlərindən bəhs edilib. Son iki ildə iki beynəlxalq aeroportun, ümumi uzunluğu min kilometrdən artıq olan avtomobil yollarının, çoxsaylı tunellərin və körpülərin, bununla yanaşı, yaşıl enerjinin tətbiq olunduğu “smart” tipli yaşayış məntəqələrinin inşa edildiyi qeyd olunub. Həmin layihələrin həyata keçirilməsində yapon şirkətlərinin də yaxından iştirak etdiyi bildirilib.
Bununla yanaşı, təqdimat zamanı Azərbaycan musiqisindən nümunələr səsləndirilib, rəqslər nümayiş etdirilib. Şəhid qəhrəman Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts