Yaponiyanın AJMEDIA portalı Naxçıvanda keçiriləcək I Beynəlxalq Tibbi Foruma informasiya dəstəyi verəcək

Tokio, 2 iyun , /AJMEDIA/

Yaponiyanın AJMEDIA portalı ilk dəfə Naxçıvanda təşkil olunacaq I Beynəlxalq Tibbi Foruma informasiya dəstəyi verəcək.
AJMEDIA xəbər verir ki, bu barədə razılaşma hazırda Yaponiyada səfərdə olan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ilə AJMEDIA portalının rəhbərliyi arasında əldə edilib.
Qeyd edək ki, iyunun 18-dən 21-dək keçiriləcək I Beynəlxalq Tibbi Forumun təşkilatçıları Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətidir. Forum Azərbaycan tarixində ilk dəfə keçirilən və belə böyük həcimdə təşkil olunan ilk tibbi toplantı olacaq. Belə ki, forumun işində dünyanın 12 ölkəsindən 300-dən artıq nüfuzlu elm xadiminin və sahə ilə əlaqədar tanınmış şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Tibb Universitetinin, Yaponiyanın Fugita Sağlamlıq Universitetinin, Rusiyanın Seçenov adına Moskva Dövlət Tibb Universitetinin, Dağıstan Dövlət Tibb Universiteti və Vişnevskiy İnstitutunun, Türkiyənin Ərzurum Atatürk Universitetinin, Qaradəniz Texnik Universitetinin, Van Yüzüncü il Universitetinin rektoru, İstanbul Yedditəpə Universitetinin, Iğdır Universitetinin, Qazi Universitetinin, Qars Qafqaz Universitetinin, İstinye Universitetinin, Qaziantep Universitetinin, İranın Ərdəbil Universitetinin, Özbəkistanın Daşkənd Tibb Akademiyasının yüksək vəzifəli təmsilçiləri iştirak edəcəklər.
Universitetlərlə yanaşı, forumda Türkiyə və Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən bir sıra nüfuzlu beynəlxalq dərnək və cəmiyyətlərin sədrlərinin iştirakı gözlənilir.
Forum Türkiyənin “Memorial xəstəxanalar qrupu”nun və Naxçıvanın “Gəmiqaya Holding” şirkətlərinin baş sponsorluğu, həmçinin tibbi ləvazimat və dərman satışını həyata keçirən “Evafarm”, “Word Medicine”, “Natura Med”, “Referans”, “Caspident”, “Remedi”, “Herba flora”, “Nobel”, “İmago”, “Darvin Medical”, “Berlin Chemie”, “Fujifilm”, “Mizana”, “Acino”, “Pro Med CS”, “İmplantDent Naxçıvan”, “Cosmetic Medical Company”, “Nəxşicahan”, “Med”, “Healthis” şirkətlərinin sponsorluğu ilə təşkil olunur.
I Beynəlxalq Forumun təşkilinin məqsədi barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, müasir dünyamızda tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu problemlərin həlli yollarının tapılması tibb elm adamlarını və mütəxəssislərini daim düşündürür. Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır.
Forumun tibb elm adamları, ixtisas mütəxəssisləri, həkim rezidentlər, tibb tələbələri üçün nəzəri və praktik əhəmiyyət daşıyacağı şübhəsizdir. Beynəlxalq forum günümüzdə bilik və təcrübə ehtiyaclarını ödəmək üçün müasir texnologiyaları, müalicə metodlarını, yanaşmaları təhlil etməyi qarşısına məqsəd qoyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts