Yaponiya saytı Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı barədə azərbaycanlı alimin məqaləsini yayıb

Tokio, 16 Sentyabr, /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” saytı Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Addım-addım Yaponiya” (Bakı, “CBS PP”, 2021) kitabı barədə Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimlinin məqaləsini yayıb.

“Qəlbin gözü ilə Yaponiya” adlı məqalədə millət vəkili Q.Paşayevanın Yaponiyaya səfərinin nəticəsi olan kitabın məziyyətləri barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Azərbaycan-Yaponiya əlaqələrinin geniş panoramı barədə bitkin təsəvvür yaradan kitabın redaktoru Əkbər Qoşalı, “Ön söz” müəllifi Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, rəyçiləri DGTYB Məsləhət Şurasının üzvü Təranə Turan Rəhimli və AZƏRTAC-ın Yaponiyadakı xüsusi təmsilçisi Vüqar Ağayevdir.

Yapon dilində dərc edilən məqalədə vurğulanır ki, Yaponiya haqqında yazmaq, onun çoxçalarlı mədəniyyətini, qədimliklə müasirliyin vəhdətindən doğan gözəlliklərini olduğu kimi görüb təsvir etmək, bu ölkəni heç vaxt görməyən oxucunun təsəvvüründəki Yaponiya obrazını yaratmaq olduqca çətindir. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun üzvü professor Qənirə xanım Paşayeva “Addım-addım Yaponiya” kitabında bu çətinliyin öhdəsindən uğurla gəlib. Yapon həyatının bütün sahələri haqqında aydın təsəvvür yaradan, bu gözəl xalqın müdrik həyat fəlsəfəsi, əxlaq meyarları, yüksək insani keyfiyyətləri barədə təsəvvürlərimizi bütövləşdirən kitabda Yaponiyanın bitkin panoramını yarada bilib. Kitabı oxuduqca Yaponiyanın milli-mənəvi zənginlikləri, dəyərləri, yapon milli psixologiyası, həyat tərzinə hopan din fəlsəfəsi, çoxəsrlik adət-ənənələri gözlərimiz önündə canlanır.

Müəllif qeyd edir ki, son illərdə Azərbaycanda Yaponiya ilə bağlı əsərlər, kitablar ərsəyə gətirilsə də, onların sayı yetərli olmadığı kimi yapon həyatının özünəməxsusluğu haqqında da hərtərəfli təəssürat yaratmır. Digər tərəfdən, bu kitabların çoxunda yapon şəxs adları, yer adları rusdilli tərcümələrə əsaslandığından təhriflərlə doludur. Hətta bu əsrarəngiz ölkənin adını belə rusların təhrifi ilə bir çox xalqlar Yaponiya adlandırırlar. Yaponlar özləri isə vətənlərini Nihon və ya Nippon (“gündoğan” mənasını ifadə edir) deyə təqdim edirlər. Müəllif məhz bu yanaşma nəticəsində əzəmətli Fuci dağının adını “Fudzi”, klassik şair Matsuo Başonun adını Matsuo Basyo, Hiroşima şəhərinin adını Xirosima kimi tanındığı xüsusi vurğulayır. Qeyd edir ki, Q. Paşayevanın “Addım-addım Yaponiya” kitabında bu mənzərənin tam əksini görmək xüsusilə razılıq doğurur.

Kitab haqda ətraflı məlumat verən tədqiqatçı bildirir ki, burada uzaq əsrlərdən bəri öz xoşbəxtliyini reallaşdırmağı bacaran azad Yaponiyanın, düşünən və düşündürən yaponların dərin cizgilərini təsvir edən mükəmməl portreti yaradılıb.

Məqalədə, həmçinin kitabda Yaponiya tarixinə, ədəbiyyatına, mədəniyyətinə və fəlsəfəsinə dair ətraflı məlumatların öz əksini tapdığını qeyd edir. Vurğulanır ki, kitab yapon milli özünəməxsusluğunun bütün sahələrini dolğun surətdə özündə əks etdirir.

Kitabda Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı sahəsində görülən işlərin də ətraflı şəkildə öz təzahürünü tapdığını qeyd edən müəllif, burada insanlığın faciəsinə çevrilmiş Hiroşima və Naqasaki şəhərləri ilə erməni vandalizminin qurbanı olmuş Xocalı arasında oxşar cəhətlərin olması barədə fikirlə tam razılaşdığını qeyd edir.

Həmçinin kitabda, müəllifin Yaponiyanı Azərbaycanın milli müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi yüksək dəyərləndirdiyi, ümummilli lider Heydər Əliyevin gündoğar ölkəyə rəsmi səfəri, bu səfərin dövlətlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyəti və s. məsələlərdən söz açdığı qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin və hərtərəfli əməkdaşlığın daha da inkişaf etdiyi əksini tapıb.

Məqalə müəllifi vurğulayır ki, “Addım-addım Yaponiya” kitabı ölkəşünaslıq, kulturologiya, milli mədəniyyətlərin müxtəlif sahələrinin öyrənilməsi üçün zəngin bir mənbədir.

Qeyd edir ki, milli mədəniyyətlərin inteqrasiyasına ciddi əhəmiyyət verildiyi çağdaş dövrdə Yaponiya ilə bağlı bu kitabın tolerantlığın və kulturalizmin örnəyi olan ölkə kimi Azərbaycanda nəşr edilməsi diqqətəlayiqdir. Həmçinin “Addım-addım Yaponiya” kitabı iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafına dəyərli töhfə kimi yüksək qiymətləndirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts