Yaponiya özünümüdafiə qüvvələrinin təyyarələri və ABŞ bombardmançıları birgə təlimlər keçiriblər

Tokio, 6 noyabr , /AJMEDIA/

Yaponiya özünümüdafiə qüvvələrinin qırıcı təyyarələri və ABŞ bombardmançıları Şərqi Çin dənizi üzərində birgə təlimlər keçiriblər.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Həmin taktiki təlimlərin Yaponiyanın Kyuşü adasının şimal-qərbində yerləşən sular üzərində keçirildiyi bildirilir.
Nazirliyin dərc etdiyi fotolarda təlimlərdə doqquz təyyarənin iştirak etdiyi görünür. Onların sırasında Yaponiya hərbi-hava qüvvələrinə məxsus beş F2 qırıcısının və ABŞ hərbçilərinə məxsus iki B1 bombardmançısının və iki F16 qırıcısının olduğu bildirilir.
Həmin gün ABŞ-a məxsus B1 bombardmançılarının Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etdiyi də qeyd edilir.
Xatırladaq ki, ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə Şimali Koreya sərt reaksiya verərək son günlər dəfələrlə ballistik raketlərin sınağını keçirib. Mütəxəssislər həmin raketlər arasında qitələrarası ballistik raketlərin olduğunu da bildirirlər.
Yaponiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, təlimlər ABŞ və Yaponiya hərbi-hava qüvvələrinin regionda təhlükəsizliklə bağlı problemləri həll etməyə hazır olduqlarını təsdiq edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts