Yaponiya məxsusi mövqe müəyyən etmə sisteminə malik yeni süni peykini orbitə buraxıb

Tokio, 26 Oktyabr, /AJMEDIA/

Oktyabrın 26-da Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti H-2A daşıyıcı raketini məxsusi mövqe müəyyən etmə sisteminə malik yeni süni peyki ilə birlikdə orbitə buraxıb.

AJMEDIA xəbər verir ki, Yaponiyanın cənub-qərbindəki Kaqoşima prefekturasında yerləşən Taneqaşima kosmodromundan raketin buraxılması şirkətin saytında birbaşa yayımlanıb. Bildirilir ki, “Michibiki” (“Yol göstərən”) adlanan aparat 2010-cu ildə orbitə çıxarılan eyni seriyadan olan ilk süni peyki əvəz edəcək. Həmin qrupda yenə dörd süni peykin olacağı, lakin 2023-cü ildə onların sayının yeddiyə çatdırılacağı qeyd edilir.

“QZS-1R” adlanan yapon mövqe müəyyən etmə sisteminin əsas üstünlüyü onun siqnalları yüksək dərəcədə şifrələmək qabiliyyətində olmasıdır. Bu, həmin siqnalları rəqib dövlətlərin və terror təşkilatlarının yarada biləcəyi müdaxilələrdən etibarlı şəkildə qorumaq imkanı verir. Buna görə də “Michibiki”nun xidmətlərindən Yaponiyanın mülki şirkətləri ilə yanaşı, hərbi və təhlükəsizlik orqanları da istifadə edəcəklər.

Həmçinin bildirilir ki, bu süni peyklər Yer üzərindəki obyektlərin mövqeyini 6 santimetr xəta dəqiqliyi ilə müəyyən etməyə qadirdirlər. ABŞ GPS sistemlərində bu xəta təqribən 10 metr təşkil edir.

Əlavə olaraq qeyd edilir ki, Yaponiyada “Michbiki”nin xidmətlərini təklif edən şirkət artıq fəaliyyətə başlayıb. Onun xidmətlərindən avtomobil naviqasiyası və PUA-ların idarə olunmasında istifadə etmək olar. Şirkətin əcnəbi müştərilərə də xidmətlər təklif etdiyi bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts