Yaponiya məhdudiyyətlər rejiminin tətbiq edildiyi prefekturaların sayını artıracaq

Tokio, 24 yanvar, /AJMEDIA/

Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər rejiminin tətbiq edildiyi prefekturaların sayını artıracaq.

AJMEDIA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Məsələ ilə bağlı qərarın yanvarın 25-də qəbul ediləcəyi gözlənilir. Bildirilir ki, bununla da rejimin tətbiq edildiyi prefekturaların sayı 32-yə çatacaq. Hazırda rejim paytaxt Tokio ilə birlikdə Kioto, Osaka, Okinava və Hokkaydo da daxil olmaqla ölkənin 16 prefekturasını əhatə edir.

Qeyd edək ki, bu rejim ictimai iaşə obyektlərinin axşam saatlarında fəaliyyətini məhdudlaşdırır.

Əlavə edək ki, dekabrın ortalarınadək Yaponiyada koronavirusun yayılması sürəti çox aşağı olub. Həmin vaxtdan “omikron” ştamı ilə əlaqədar yoluxanların sayı sürətlə artmağa başlayıb. Hazırda Tokio da daxil olmaqla ölkə ərazisində sutkalıq yoluxma sayı sürətlə artmaqda davam edir. Bununla yanaşı, ağır vəziyyətdə olan xəstələrin sayının gözləniləndən az olduğu bildirilir. Belə ki, təqribən 126 milyon əhalisi olan ölkədə cəmi 430 nəfərin ağır vəziyyətdə intensiv terapiya şöbəsinə yerləşdirildiyi qeyd edilir. Yerli mütəxəssislər bunun səbəbini ölkə üzrə peyvəndin hər iki dozasını alanların sayının 100 milyonu ötməsi ilə izah edirlər. Eyni zamanda, peyvəndin “buster” dozasının da tezliklə vurulmasına başlanacağı gözlənilir.

Ümumiyyətlə, pandemiya başlayandan bəri Yaponiyada 2,18 milyon nəfərin koronavirusa yoluxduğu, onlardan 18,5 mininin həyatını itirdiyi qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts