Xatirə Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib

Tokio, 25 sentyabr , /AJMEDIA/

Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin direktoru Aytən Qasımova və Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri Aslan İbrahimov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, qəhrəman şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Müzəffər Ali Baş Komandanımızın əmri ilə ordumuz düşmən təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Qüdrətli Ordumuz 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşməni darmadağın edib, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunub. Torpaqlarımızın azadlığı uğrunda Naxçıvandan olan igid oğullar da qəhrəmancasına mübarizə aparıb, vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstəriblər.
Tədbirdə şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova və şəhid baş leytenant Sahil Məmmədovun anası Sahilə Məmmədova çıxış edərək övladlarının şücaətindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıblar. Qeyd ediblər ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Vətən müharibəsi iştirakçıları baş leytenant Hüseyn Həsənov və baş leytenant Abbasəli Tarverdiyev çıxış edərək, müasir Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin və qazilərimizin rəşadətindən danışıblar.
Sonda muzeylə tanışlıq olub. Məlumat verilib ki, vətənpərvərlik və Vətənə sevgi hisslərinin təbliğ edildiyi ünvanlardan biri olan bu muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir. Muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunmuş Zəfər Guşəsi də yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts