Xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edilir

Tokio, 22 may , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il mayın 31-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.
DİM-dən AJMEDIA-ya bildirilib ki, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. İddiaçılar qeydiyyatdan keçməklə bağlı təlimatla DİM-in saytında tanış ola bilərlər.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı DİM tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 (yüz on)) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.
Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir (Bax: http://www.aak.gov.az/single/674)
Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Proqramlar DİM-in saytında yerləşdirilib.
Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.
İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts