Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin mayı

Tokio, 3 may , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
9 may. Prezident Heydər Əliyev Klivlend şəhərindən televiziya ilə Azərbaycan xalqına müraciət etdi. Müalicəsini başa çatdırdı.
10 may. Heydər Əliyevin ad günü münasibətilə Klivlend klinikasının hotelində tədbir keçirildi.
15 may. Klivlend şəhərində müğənni Yaqub Zurufçu ilə görüşdü.
17 may. Televiziya vasitəsilə xalqa müraciət etdi.
18 may. Klivlend şəhərindən Londona gəldi.
19 may. Türkiyənin Böyük Britaniyadakı səfiri Özdəm Sanberi qəbul etdi. Londondakı iqamətgahında Rusiyanın NTV və ORT telekanallarının suallarını cavablandırdı.
20 may. BBC radiosunun müxbirinə müsahibə verdi.
Londondan Ankaraya gəldi, Çankaya köşkündə Prezident Süleyman Dəmirəl ilə söhbət etdi.
22-31 may. Ankarada və Antalyada bir sıra görüşlər keçirdi, KİV-ə müsahibələr verdi.
28 may. Respublika Günü münasibətilə Antalyadan Azərbaycan xalqına müraciət etdi.

X X X

Prezident Heydər Əliyev ABŞ-da müalicə olunarkən dost ölkələrin liderləri, eləcə də soydaşlarımız onun səhhəti ilə daim maraqlanır, tezliklə şəfa tapmasını arzulayırdılar. Bunu dahi rəhbər mayın 9-da və 17-də Klivlenddən televiziya ilə Azərbaycan xalqa müraciətlərində də dilə gətirərək təşəkkürünü bildirdi: “Bu günlər, mən Vətəndən uzaqda olduğum zaman, müalicə keçərkən Azərbaycanın vətəndaşlarından, dünya ölkələrinin dövlət, hökumət başçılarından, ictimai-siyasi xadimlərindən həddindən çox məktublar almışam, teleqramlar almışam. Bunlar mənə olan qayğının, münasibətin təzahürüdür, sağalıb tezliklə gəlmək arzusu ilə dolu olan məktublar, teleqramlardır. Mən bunlara görə bu günlər mənə yüksək qayğı göstərən və mənimlə həmrəy olan insanlara təşəkkürümü bildirirəm”.
Müalicəsini başa çatdıran Heydər Əliyev mayın 18-də Klivlenddən Londona gəldi.
Dünya mediası görkəmli dövlət xadimi Heydər Əliyevin böyük təcrübəsi, siyasi baxışları ilə yaxından maraqlanırdı. Ulu Öndər Londonda olarkən mayın 19-da Rusiyanın NTV və ORT telekanallarına, mayın 20-də BBC-yə müsahibə verdi. ORT müxbirinin Bakının həm Londonla, həm də Vaşinqtonla xüsusi əlaqələri barədə sualını cavablandıran Prezident Heydər Əliyev Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü bir daha bəyan etdi: “Bilirsiniz, müstəqil dövlət olaraq biz öz siyasətimizi belə elan etmişik: biz dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək istəyirik. Başa düşürsünüzmü, biz fərq qoymuruq. Bizə öz iqtisadiyyatımızı inkişaf etdirmək lazımdır, xalqımızın həyat səviyyəsini yüksəltmək lazımdır. Bizim iqtisadi potensialımız, təbii ehtiyatlarımız və bir çox digər sərvətlərimiz var. Digər MDB ölkələrində olduğu kimi, biz də indi bütün bunlardan öz gücümüzlə istifadə edə bilmirik. Buna görə də kimlərlə, necə deyərlər, özümüz üçün faydalı, səmərəli əməkdaşlıq edə biliriksə, onlarla da əməkdaşlıq edirik. Biz Amerika Birləşmiş Ştatları ilə, Avropa ölkələri ilə – Böyük Britaniya, Fransa, Almaniya və təbii ki, MDB ölkələri ilə də əməkdaşlıq edirik”.
Rusiyanın kütləvi informasiya vasitələrində bununla bağlı yer alan mülahizələri ədalətsizlik adlandıran Heydər Əliyev, həmçinin vurğuladı ki, Azərbaycanın MDB-yə üzv olması onun dünyadan təcrid edilməsi anlamına gəlmir. İndi təcrid olmaq hamıya ziyandır.
Ümummilli Liderin xarici siyasətində Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi prioritet təşkil edirdi. Mayın 20-də Londondan Ankaraya gələn Ulu Öndərin keçirdiyi görüşlər bunun daha bir təsdiqidir. Mayın 25-dək Çankaya köşkündə qalan Prezident Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl, Türkiyə Böyük Millət Məclisinin yeni sədri Yıldırım Akbulut, Baş nazir Bülənd Ecevit, Ana Vətən partiyasının sədri Məsud Yılmaz və digər rəsmi şəxslərlə görüşdü, “Nərgiz-TV”nin (indiki NTV) Ankara təmsilçisinə müsahibə verdi. Mayın 23-də Türkiyə Prezidenti ilə bir yerdə jurnalistlər qarşısında çıxış edən Heydər Əliyev iki qardaş ölkə arasında dostluq və qardaşlığın əbədi olduğunu bir daha vurğuladı.
Sitat: Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı xüsusən Azərbaycan müstəqillik qazandıqdan sonra gündən-günə inkişaf edir, möhkəmlənir, güclənir. Bu dostluğu, qardaşlığı heç bir qüvvə sarsıda bilməz. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, sarsılmazdır və belə də olacaqdır. Biz xalqımızı da bu ruhda tərbiyə edirik, bu ruhda yol göstəririk, bu yolu elə açmışıq ki, Azərbaycan xalqının bütün gələcək nəsilləri də bu yolla gedəcəklər. Bizim başqa yolumuz yoxdur və ola da bilməz.
Səhhəti ilə əlaqədar Azərbaycandan kənarda olan Ulu Öndər mayın 28-də Respublika Günü (indiki Müstəqillik Günü) münasibətilə Antalyadan xalqımıza müraciət etdi. Müraciətində xalq cümhuriyyəti qurucularının gördüyü işləri yüksək qiymətləndirən Heydər Əliyev hazırda dövlət müstəqilliyinin gündən-günə möhkəmləndiyini, inkişaf etdiyini və dönməz xarakter aldığını, Azərbaycanın dünya birliyində layiqli yer tutduğunu vurğuladı.

X X X

Ulu Öndər Heydər Əliyevin 28 May – Respublika Günü münasibətilə xalqa müraciətindən

• 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
• Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənir, inkişaf edir və dönməz olmuşdur. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Biz ötən illərdə müstəqil Azərbaycanın bütün sahələrdə inkişaf etməsi üçün xeyli işlər görmüşük və böyük nailiyyətlər əldə etmişik.
• Azərbaycan müstəqil dövlət olaraq uğurlu xarici siyasət aparır və biz dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurur və inkişaf etdiririk. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu əlaqələr də öz bəhrəsini verir. Azərbaycan artıq dünya birliyində öz yerini tutubdur.
• Azərbaycanın xarici ölkələrlə əlaqələrində Türkiyə xüsusi yer tutur. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə-Azərbaycan əlaqələri ilbəil inkişaf edir və indi çox yüksək zirvəyə qalxmışdır. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Türk xalqı ilə Azərbaycan xalqı arasında qədim tarixi əlaqələr, dostluq əlaqələri bir kökdən olan xalqların əlaqələridir. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra bu əlaqələr sürətlə inkişaf edir.
• Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur. Azərbaycanın əsgərləri, zabitləri cəbhədədirlər, onlar ermənilərlə üz-üzə durublar, Azərbaycanın torpaqlarını qoruyurlar, Azərbaycanın dövlətçiliyinin keşiyindədirlər. Mən onlara – səngərlərə, cəbhəyə, Azərbaycan əsgərlərinə, Azərbaycan zabitlərinə, milli ordunun bütün şəxsi heyətinə xüsusi bayram salamı göndərirəm.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts