Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin fevralı

Tokio, 15 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

5 fevral. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun müəllif gecəsində çıxış etdi.
6 fevral. Respublikanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirdi.
7 fevral. “Azərneftyağ” İstehsalat Birliyində yeni “ELOU-AVT-2” qurğusunun açılış mərasimində iştirak etdi.
9-10 fevral. MDB ölkələri dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Almatıda səfərdə oldu.
12 fevral. Prezident sarayında təhsil işçilərinin bir qrupu ilə görüşdə çıxış etdi.
16 fevral. ABŞ televiziya şirkətlərinə müsahibə verdi.
18 fevral. Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüş keçirdi.
20 fevral. “Qadın Azərbaycan təsviri sənətində” mövzusuna həsr olunmuş sərginin açılış mərasimində iştirak etdi. Prezident sarayında Azərbaycanda yaşayan ləzgilərin nümayəndələri ilə görüşdü.
24 fevral. İngiltərə jurnalistlərinə müsahibə verdi.
25 fevral. Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etdi.
26 fevral. Xocalı faciəsinin üçüncü ildönümü ilə əlaqədar Təzəpir məscidində və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən mərasimlərdə çıxış etdi.

X X X

Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinin inkişafına yüksək diqqət və qayğı ilə yanaşırdı. Bunun nəticəsində Azərbaycan mədəniyyəti öz yüksəliş dövrünü yaşayırdı. 1995-ci il fevralın 5-də görkəmli bəstəkar Arif Məlikovun müəllif gecəsində iştirak edən Heydər Əliyev öz nitqində bu çətin dövrdə də mədəniyyətimizin, incəsənətimizin yaşadığını, inkişaf etdiyini, incəsənətimizi yaradan istedadlı, görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyətini dünyaya nümayiş etdirdiklərini söylədi: “Bir azərbaycanlı kimi mən öz xalqımın nailiyyətləri ilə, – harada oluramsa-olum, – fəxr etmişəm. Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.
Ölkəmizdə neft sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Fevralın 7-də “Azərneftyağ” İstehsalat Birliyində respublika inşaatçılarının Cənubi Koreyanın “Laki İnjinirinq” Şirkəti ilə birlikdə quraşdırdıqları yeni “ELOU-AVT-2” qurğusunun açılış mərasimində çıxış edən Ulu Öndər “Əsrin müqaviləsi”nin Azərbaycanın təkcə bugünü üçün deyil, gələcəyi üçün də çox böyük əhəmiyyət daşıdığını vurğuladı: “Bilirsiniz ki, biz artıq müstəqil bir dövlət kimi öz sərvətlərimizin, öz taleyimizin sahibiyik. Bunlara əsasən biz Azərbaycanın ən böyük sərvətlərindən biri olan neftdən istifadə məsələsini özümüz həll edirik. Sizə məlum olduğu kimi, keçən ilin sentyabrında Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorundakı üç yatağın birgə işlənməsi və istismarı haqqında dünyanın böyük neft şirkətləri ilə müqavilə imzalamışıq. Bu müqavilə indi “Əsrin müqaviləsi” adlandırılır. Ona uyğun olaraq Azərbaycan 30 il müddətində müasir texnika və texnologiyalardan istifadə edərək, bu yataqlardan müştərək surətdə neft çıxaracaq və ölkəmizdə neft hasilatı ildən-ilə artacaqdır”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasının prioritet istiqamətlərdən biri də təhsilin inkişafı idi. Təhsil sahəsinin milli məqsədlər, mənafelər əsasında qurulmalı olduğunu deyən Ulu Öndər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşırdı. Fevralın 12-də Prezident sarayında təhsil işçilərinin bir qrupu ilə görüşündəki çıxışda Ümummilli Lider Heydər Əliyev təhsil sahəsində yaranmış mürəkkəb vəziyyətdən və problemlərdən, həmçinin qarşıda duran vəzifələrdən danışdı. Görüşdə iştirak edən təhsil işçilərinin fikirlərini dinlədi, onlarla fikir mübadiləsi apardı.
Ümummilli Lider multikulturalizmi Azərbaycanın demokratik inkişafının mühüm tərkib hissəsi hesab edir, ölkə ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, eləcə də etnik-mədəni dəyərlərin qorunmasına xüsusi diqqət göstərirdi. Bu baxımdan, fevralın 20-də Prezident sarayında ölkəmizdə yaşayan ləzgilərin nümayəndələri ilə keçirdiyi görüş diqqət çəkir. Görüşdə çıxış edən Ümummilli Lider respublikamızın çoxmillətli, beynəlmiləl dövlət olmasını Azərbaycanın müsbət xüsusiyyətlərindən biri kimi dəyərləndirdi.
Sitat: “Mən prezident seçilərkən də, prezident vəzifəsini həyata keçirməyə başlayarkən and içdiyim zaman da əsas andlarımdan biri bu olub ki, mən milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi dünyabaxışından asılı olmayaraq, respublikanın bütün vətəndaşlarının hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edəcəyəm. Biz bu siyasəti ardıcıl surətdə həyata keçiririk və həyata keçirəcəyik…
Respublikamızın əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. “Azərbaycanlı” məfhumu çox genişdir. Düzdür, azərbaycanlıların minillik kökünə baxsan, bir qismi o kökdən, bir qismi bu kökdən gəlib. Amma onlar hamısı əsrlər boyu azərbaycanlı kimi formalaşıb. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. Bu “azərbaycanlı” sözü bizi həmişə birləşdirib”.
Bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün oldu. 1994-cü ildə onun təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Xocalı Soyqırımının üçüncü ildönümü ilə əlaqədar fevralın 26-da Təzəpir məscidində və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən mərasimlərdə iştirak edən Heydər Əliyev çıxışında bu qanlı hadisələri xalqımızın ürəyinə sancılan süngüyə bənzətdi. Eyni zamanda, qətiyyətlə bildirdi ki, bu kimi faciələr Azərbaycan xalqının iradəsini sındırmayıb və sındıra bilməyəcək.
Sitat: “O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir…
Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq, eyni zamanda, Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz öz taleyimizin sahibi olduğumuz kimi, özümüz də öz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı və bu yolla irəliləməliyik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts