Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin apreli

Tokio, 19 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 aprel. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın “Ekson” neft şirkətinin vitse-prezidenti Tim Saykanı, “Türk Petrolları Anonim Ortaqlığı” şirkətinin nümayəndə heyətini ayrı-ayrılıqda qəbul etdi.
Hərbi quruculuq məsələləri ilə əlaqədar müşavirə keçirdi.
7 aprel. Ümumdünya Sağlamlıq Günü münasibətilə Bakıdakı 5 saylı kliniki doğum evinin işçiləri ilə görüşdü.
8 aprel. Ü. Hacıbəyov adına Musiqi Akademiyasında beynəlxalq müsabiqələrin qalibləri ilə görüşdə çıxış etdi.
12 aprel. Azərbaycan və Türkiyə arasında neft sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimində çıxış etdi. Türkiyənin iş adamları ilə görüşdü.
14 aprel. Respublikada aqrar islahatların gedişinə və kənd təsərrüfatında vəziyyətə həsr olunmuş müşavirə keçirdi.
16 aprel. ABŞ jurnalistlərinə müsahibə verdi.
Xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsində iştirak etdi.
17-18 aprel. Avropa İttifaqının rəhbərləri ilə danışıqlar aparmaq üçün Brüsseldə səfərdə oldu. Səfər çərçivəsində, həmçinin Belçikada və Avropanın digər ölkələrində yaşayan soydaşlarımızla görüşdü.
19 aprel. Azərbaycanın Beynəlxalq neft konsorsiumundakı payının bir hissəsini ABŞ-ın “Ekson” neft şirkətinə verməsi haqqında sənədlərin imzalanması mərasimində çıxış etdi.
23 aprel. Gənc Tamaşaçılar Teatrında “Dünya susur, tarix susmur” adlı ədəbi-bədii gecədə iştirak etdi.
25 aprel. Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli türk alimi İhsan Doğramacının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söylədi.
28 aprel. Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi sessiyada iştirak etdi.

X X X

Azərbaycan yeddi il idi ki, çətin vəziyyətdə, müharibə şəraitində yaşayırdı. Belə bir vaxtda təbii olaraq, insanların bəzi sahələrə, o cümlədən mədəniyyətə diqqəti azalmışdı. Buna baxmayaraq, Azərbaycan gəncləri beynəlxalq müsabiqələrdə bir sıra uğurlar qazanmışdılar. Ulu Öndər bunu yüksək qiymətləndirir, sevindirici hadisə hesab edirdi. Aprelin 8-də isə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında beynəlxalq müsabiqələr laureatları və diplomantları ilə görüşən Heydər Əliyev bu barədə danışarkən dedi: “Bu dövrdə Azərbaycanda incəsənət sahəsində, musiqi sahəsində böyük şəxsiyyətlər – bəstəkarlar, ifaçılar, müğənnilər yetişib. Onların adları məşhurdur və bizim tariximizə yazılıb, həyatdan gedənləri də bizim üçün əzizdir, bu gün yaşayanlar da xalqımızın, cəmiyyətimizin hörməti və qayğısı ilə əhatə olunublar. Ancaq bu gün məni çox sevindirən odur ki, bizim bu böyük mədəniyyət yolu davam edir və gənc istedadlar meydana çıxır. Doğrudur, son illər xalqımız, respublikamız ağır şəraitdədir. Yeddi ildir müharibə şəraitində yaşayırıq. Cəmiyyətdə böyük ictimai-siyasi proseslər, dəyişikliklər gedir. Belə bir vaxtda mədəniyyətə bəzən diqqət də azalır. İnsanların əksəriyyəti ancaq özlərini dolandırmağa çalışır, mədəniyyətə bəzən o qədər də fikir verilmir. Ancaq belə bir dövrdə də mədəniyyətimizin, incəsənətimizin durmadan inkişaf etməsi və bunun nəticəsi olaraq gənc istedadların meydana çıxması çox sevindirici haldır”.

Heydər Əliyev respublikanın gələcək inkişafını təmin etmək üçün yeni neft strategiyası müəyyənləşdirmişdi. Bu istiqamətdə daha bir addım aprelin 12-də atıldı: Azərbaycan və Türkiyə arasında neft sahəsində əməkdaşlığa dair saziş imzalandı. Bununla bağlı keçirilən mərasimdə nitq söyləyən Heydər Əliyev yeni sazişin imzalanmasını tarixi hadisə kimi dəyərləndirdi. Ümummilli Liderin məqsədi Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi haqqında 1994-cü ilin sentyabrında imzalanmış sazişin – “Əsrin müqaviləsi”nin əhatə dairəsini daha da genişləndirmək idi. Qardaş ölkə Türkiyə ilə neft sahəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Sazişin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə daxil oldu.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdən başlayaraq respublikanın ozamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində yaranmış sosial-iqtisadi böhranın aradan qaldırılması qarşıda duran əsas vəzifələrdən biri idi. Bu mürəkkəb vəzifə ölkə iqtisadiyyatına, o cümlədən aqrar sahəyə yeni baxış, köklü islahatlar tələb edirdi. 1995-ci il aprelin 14-də Heydər Əliyevin respublikada aqrar islahatların gedişi və kənd təsərrüfatında vəziyyətə həsr olunmuş müşavirə keçirdi. Müşavirədə islahatların gedişi, kənd təsərrüfatı işlərinin vəziyyəti geniş müzakirə olundu. Müşavirədə çıxış edən Ulu Öndər Azərbaycanın aqrar potensialı, mövcud problemlərin həlli barədə fikirlərini səsləndirdi.
Sitat: “Azərbaycanın təbiəti, torpağı, aqrar bölmənin imkanları kənd təsərrüfatında yüksək məhsul istehsal etməyə şərait yaradır. Hələ keçmiş sistemdə, yəni sosialist quruluşu dövründə, kolxoz və sovxozların mövcud olduğu dövrdə biz taxıl, pambıq, üzüm, meyvə, tərəvəz, başqa məhsullar istehsalında, digər sahələrdə bugünkündən üç-dörd dəfə çox məhsul istehsal etmişik. Amma bunlar da Azərbaycan Respublikasının təbiətinin, torpaqlarının, kənd təsərrüfatı istehsalının son həddi deyildir. Lakin indi biz 70-ci illərdə istehsal etdiyimizdən daha çox məhsul istehsal edə bilərik. Bunun da yolu yeni istehsal üsullarından istifadə etməkdir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən də istifadə etmək, islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişdirmək lazımdır. Bunun zəruriliyi aydındır. Bunu bir daha, hər dəfə sübut etməyə, təsdiq etməyə ehtiyac yoxdur. Geriyə də yol yoxdur. Ona görə də əgər biz istəyiriksə doğrudan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək xalqımızın rifahını yaxşılaşdıraq, iqtisadiyyatı yüksəldək, kənd əhalisinin rifahını yaxşılaşdıraq, onda biz bu yolla getməliyik. Başqa, üçüncü yol yoxdur”.
1995-ci il aprelin 16-da Xalq şairi Məmməd Arazın “Azərbaycan – Dünyam Mənim” yaradıcılıq gecəsində iştirak edən Heydər Əliyev ziyalılarla görüşdü. “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazım idi”, – deyən Ulu Öndər söhbət zamanı bu vacib prosesdə görkəmli ziyalıların xidmətlərini yüksək qiymətləndirdi: “Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər. Ona görə mən düşündüm: biz müstəqillik qazanmışıq, respublikamız müstəqil dövlətdir. Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində şübhəsiz ki, xalqımızın hamısının – hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var. Ancaq elə şəxsiyyətlər var ki, onlar bu işin, bu prosesin yaranmasında, formalaşmasında, inkişaf etməsində xüsusi xidmətlər göstəriblər. Bunlar, mən hesab edirəm ki, yenə də mədəniyyətimizin, ədəbiyyatımızın, şeirimizin içində olubdur”.
Ulu Öndər xaricə hər səfəri zamanı vaxt tapıb həmvətənlərimizlə görüşürdü. Ənənəyə çevrilmiş bu görüşlər soydaşlarımıza diqqət və qayğının təzahürü olmaqla yanaşı, onların Vətənə bağlılığını möhkəmlətməyə xidmət edirdi. Heydər Əliyevin Belçikaya səfəri çərçivəsində də burada və qonşu Avropa ölkələrində yaşayan soydaşlarımızla görüşündəki çıxışı bu baxımdan səciyyəvidir.
Sitat: “Şübhəsiz ki, siz, yəni Avropada yaşayan azərbaycanlılar, türklər Azərbaycanla, ölkəmizin vəziyyəti ilə maraqlanırsınız. Ancaq bilməlisiniz ki, biz – Azərbaycandakı soydaşlarınız, azərbaycanlılar da bütün dünyada yaşayan azərbaycanlılarla çox maraqlanırıq. İndi müstəqil bir dövlət olan Azərbaycan bütün dünyadakı azərbaycanlıların qayğısına qalır, onların barəsində fikirləşir, düşünür. Bəzi səbəblərə görə bir çox azərbaycanlılar Vətəndən kənarda yaşayırlar. Avropada, Amerikada, başqa qitələrdə də yaşayanlar var. Bu, müəyyən dərəcədə təbiidir, çünki bir millətdən olan adamların hamısı həmişə öz torpağında yaşaya bilməz. Bunun müsbət cəhəti də var. Həmin cəhət ondan ibarətdir ki, əgər Brüsseldə və onun ətrafında azərbaycanlılar yaşamasaydı, mən gəlib burada bir azərbaycanlı görməsəydim, özümü, şübhəsiz, pis hiss edərdim. Amma görürəm ki, bizim azərbaycanlılar Avropada yaşayır, işləyir, həyat sürürlər. Bu, sevindirici haldır”.
Ümummilli Liderin dünya azərbaycanlılarının birlik və həmrəyliyi naminə səyləri öz bəhrəsini verməkdədir. Azərbaycan diasporu bu gün mütəşəkkil qüvvəyə çevrilib və milli maraqlarımızın müdafiəsində öz sözünü zaman ötdükcə daha qətiyyətlə deyir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts