Vətən müharibəsi şəhidi Səmid Əliyevin xatirəsi anılıb

Tokio, 7 iyun , /AJMEDIA/

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” mədəniyyət evi Vətən müharibəsi şəhidi Səmid Xoşbəxt oğlu Əliyevin mövlud günü ilə əlaqədar “Şəhidlik ən uca zirvədir” adlı tematik gecə təşkil edib.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Cümə və Corat Cümə məscidlərinin axundları Rauf Sərdərov və Sahib Məmmədov, “Şəhid analarına dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, ictimaiyyət nümayəndələri və şəhidin yaxın qohumları iştirak ediblər.
AJMEDIA xəbər verir ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəhid Səmid Əliyev haqqında məlumat verib, videoçarx nümayiş olunub.
Mədəniyyət evinin özfəaliyyət üzvlərinin canlandırdıqları şəhid Səmid Əliyevin anası ilə son telefon söhbəti səhnəsi iştirakçıları duyğulandırıb.
“Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səslənib.
Sonda şəhidin anası Əsmər xanım dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts