ÜST: COVID-19 hələ də həyati təhlükə daşıyır

Tokio, 14 aprel , /AJMEDIA/

COVID-19 virusu inkişaf etməkdə davam edir və biz onun yeni mutasiyalarını nəzərdən qaçırmamalıyıq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib. AJMEDIA BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ÜST xəbərdarlıq edib ki, xəstəliklə bağlı yoluxma və ölüm hallarının göstəricilərinin aşağı olması koronavirusun bu mərhələdə “gücdən düşməsi” demək deyil.

ÜST təsdiq edib ki, keçən həftə pandemiyanın başlanğıcından bəri COVID-19 ilə bağlı ölüm hallarında ən aşağı göstərici qeydə alınıb. Buna baxmayaraq, bəzi ölkələrdə xəstəliyin ciddi sıçrayışları hələ də müşahidə olunur.

“Koronavirusun inkişafındakı son tendensiyaları mühakimə etmək bizim üçün çətindir, çünki bir çox dövlətlər testləşdirmə proqramlarını dayandırıblar, – deyə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib. – Hazırda biz BA.2, BA.4 və BA.5 da daxil olmaqla, “omikron”un bir sıra variantlarını diqqətlə izləyirik. Bundan başqa, bizim tərəfimizdən BA.1 və BA.2 variantlarından ibarət olan daha bir rekombinant aşkar edilib”.

ÜST-nin məlumatına görə, BA.4 və BA.5 variantları bəzi Avropa ölkələrində və Cənubi-Afrika Respublikasında qeydə alınıb.

ÜST-nin fövqəladə hallar üzrə direktoru Maykl Rayan xəbərdarlıq edib ki, virus inkişaf etməyə davam etdikcə, dünya onu gözdən qaçırmağa imkan verə bilməz.

“Bu mərhələdə yoluxma hallarının daha az sayının daha aşağı təhlükə demək olduğunu güman etmək qeyri-ciddi olardı, – deyə o bildirib. – Biz, sözsüz ki, ölüm hallarının azalmasına şadıq, lakin bu virus artıq dəfələrlə bizi təəccübləndirib və qəfildən hücum edib”.

ÜST-nin aparıcı elmi işçisi Sumiya Svaminatan xəbərdarlıq edib ki, koronavirusun yeni variantları və rekombinantları meydana çıxmaqda davam edəcək, buna görə də dünya COVID-19-la təkmilləşdirilmiş mübarizə alətlərinə investisiya qoymağı dayandırmamalıdır.

“Biz bu virusun nə vaxtsa indiki immun baryerini aşmağı bacardığı qədər dəyişəcəyinə hazır olmalıyıq”, – deyə o bildirib.

Tedros Qebreyesus vurğulayıb ki, virus hələ də həyati təhlükə daşıyır, xüsusilə də söhbət tibbi yardıma və virus əleyhinə preparatlara çıxışı olmayan müdafiə olunmamış və peyvənd olunmamış insanlardan gedirsə.

“Özünü müdafiə etmənin ən yaxşı yolu – peyvənd olunmaq və tibbi mütəxəssislərin tövsiyə etdiyi zaman revaksinasiya olunmaqdır, – deyə o qeyd edib. – Maska taxmağı, xüsusilə də insanların toplaşdığı yerlərdə, davam edin. Havanı təmiz saxlayın – pəncərələri və qapıları açın. Etibarlı havalandırma sistemlərinə investisiya qoyun”.

Bu həftə dünyada COVID-19-la cari vəziyyəti qiymətləndirən Fövqəladə beynəlxalq tibbi-sanitariya qaydaları Komitəsi pandemiyanın qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət olaraq qalması ilə yekdilliklə razılaşıb.

“Ayıq-sayıqlığı itirmək vaxtı deyil, – deyə Tedros Qebreyesus, komitənin qərarına istinadla vurğulayıb. – İndi əvvəlkindən daha səylə işləməyin əsl vaxtıdır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts