UNESCO neyrotexnologiya etikasına dair qlobal dialoqa rəhbərlik edəcək

Tokio, 8 iyun , /AJMEDIA/

UNESCO İcraiyyə Şurasının üzvü olan dövlətlər insan hüquqlarını və əsas azadlıqlarını təhdid edə biləcək dərəcədə artan və tənzimlənməyən neyrotexnologiya sektoru üçün etik çərçivənin işlənib hazırlanması məqsədilə qlobal dialoqun keçirilməsi ilə bağlı təşkilatın Baş direktorunun təklifini bəyəniblər.
AJMEDIA təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, bununla bağlı iyulun 13-də UNESCO-nun baş qərargahında ilk beynəlxalq konfrans keçiriləcək.
Neyrotexnologiya bir çox sağlamlıq problemlərini həll etməyə kömək edir, eyni zamanda, insanların beyinlərinə daxil ola və manipulyasiya edə, şəxsiyyətlərimiz və duyğularımız haqqında məlumat istehsal edə bilər. Bu texnologiya insan ləyaqətinə, fikir azadlığına və şəxsi həyatın toxunulmazlığına xələl gətirən amilə çevrilir. UNESCO hesab edir ki. süni intellektlə əlaqədar olduğu kimi, bu sahədə də beynəlxalq səviyyədə ümumi etik çərçivənin yaradılmasına təcili ehtiyac var.
UNESCO-nun Baş direktoru Odri Azulay bildirib ki, iyulun 13-də keçiriləcək beynəlxalq konfrans neyrotexnologiyanın insan hüquqlarına və əsas azadlıqlara yaratdığı təhlükələri aradan qaldırmaq üçün lazım olan tədbirləri müəyyənləşdirməklə yanaşı, onun nevroloji problemlərin və psixi pozğunluqların həlli üçün böyük potensialını araşdıracaq. Dialoqda dünyanın bütün regionlarından yüksək vəzifəli məmurlar, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləri, akademiklər və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Konfransda, həmçinin UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin (IBC) “Neyrotexnologiyanın Etik Məsələləri”nə dair hesabatı və neyrotexnologiya mənzərəsi, innovasiyalar, dünya miqyasında əsas aktorlar və əsas tendensiyalar haqqında hesabatlar da təqdim ediləcək.
Qlobal dialoqun son məqsədi neyrotexnologiyanın idarə edilməsi ilə bağlı etik məsələlərin daha yaxşı başa düşülməsini inkişaf etdirmək, təşkilatın 193 üzv dövləti tərəfindən təsdiqlənəcək etik çərçivənin inkişafı haqqında məlumat verməkdir.
Neyrotexnologiya neyron sistemlərinin strukturunu və funksiyasını əldə etmək, izləmək, araşdırmaq, qiymətləndirmək, manipulyasiya etmək və ya təqlid etmək məqsədilə nəzərdə tutulmuş hər cür cihaz və ya proseduru əhatə edir. Neyrotexnoloji cihazlar “geyilən cihazlardan” tutmuş robot əzalar kimi qeyri-invaziv beyin kompüter interfeyslərinə, iflic kimi xəstəliklərin müalicəsi məqsədi ilə hazırda inkişaf etdirilən beyin implantlarına qədər müxtəlif funksiyalara malikdir. Dünyada hər səkkiz nəfərdən biri psixi və ya nevroloji pozğunluqla yaşayır və bu, inkişaf etmiş ölkələrdə ümumi sağlamlıq xərclərinin üçdəbirini təşkil edən vəsaitin ayrılmasına səbəb olur. Bu maliyyə yükləri aşağı və orta gəlirli ölkələrdə də artır, habelə qlobal miqyasda daha da artacağı gözlənilir. Belə ki, 60 yaşdan yuxarı insanların sayının 2050-ci ilə qədər iki dəfə artaraq 2,1 milyarda çatacağı proqnozlaşdırılır. Neyrotexnologiya epilepsiya, Alzheimer, parkinson və insult kimi nevroloji xəstəliklər nəticəsində yaranan ölüm və əlilliyin sayını azaltmaq üçün geniş potensiala malikdir. Lakin etik qoruyucu sistem olmadığı təqdirdə, bu texnologiyalar ciddi risklər yarada bilər, çünki onlar beyin məlumatlarına daxil olaraq və manipulyasiya edərək insan şəxsiyyəti, düşüncə azadlığı, məxfilik və yaddaş anlayışının mərkəzi olan fundamental hüquq və əsas azadlıqları təhdid edir. UNESCO 2021-ci ildə dərc olunan hesabatında bu riskləri sənədləşdirib və onların aradan qaldırılması üçün konkret tədbirlər təklif edib.
Hesabatda qeyd olunub ki, sosial media platformaları tərəfindən toplanan məlumatlardan fərqli olaraq, sinir məlumatlarının əksəriyyəti şüursuz şəkildə yaradılır, buna görə də onların istifadəsinə razılıq verə bilmərik. Həssas məlumatlar çıxarılarsa və sonra yanlış əllərə keçərsə, bu, fərd üçün zərərli nəticələrə səbəb ola bilər. Bir uşağın və ya yeniyetmənin hələ də sinir inkişafının davam etdiyi bir vaxtda implantasiya edilən Beyin-Kompüter İnterfeysləri (BCI) beyinin “normal” yetkinləşməsi prosesini poza, uzunmüddətli, bəlkə də qalıcı təsirlərlə gənc şüurları dəyişdirə bilər.
Yaddaş modifikasiyası üsulları (MMT) alimlərə keçmiş hadisələri yenidən quraraq yaddaşın məzmununu dəyişdirməyə imkan verir. Hələlik MMT dərmanlardan istifadəyə əsaslanır, lakin gələcəkdə beyinə çiplər daxil etmək mümkün ola bilər. Bu, travma almış insanlar üçün faydalı ola bilsə də, hər bir fərdin şəxsiyyət hissini də təhrif edəcəkdir.
Hazırda “Neurotech” şirkətlərinin 50 faizi ABŞ-da, 35 faizi isə Avropa və Böyük Britaniyadadır. Neyrotexnologiya yeni nəsil “superinsanlar”ı yarada bilər və bu, ölkələr daxilində və onların arasında təhsil, bacarıq, sərvət və imkanlar uçurumunu daha da genişləndirəcək, ən qabaqcıl texnologiyaya sahib olanlara ədalətsiz üstünlük verəcəkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts