Üç mindən çox tələbənin iştirak etdiyi məzun şənliyi keçirilib

Tokio, 19 iyul , /AJMEDIA/

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Ağ Şəhər Bazar Meydanının dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “ConGRADs 2023!” adlı məzun şənliyi keçirilib.
AJMEDIA xəbər verir ki, şənliyin keçirilməsində əsas məqsəd bu il ali və orta ixtisas təhsil müəssisələrindən məzun olmuş tələbələri bir araya toplamaq, imtahanlardan sonra asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir. Eləcə də onlar üçün stresdən kənar mühit formalaşdırmaq və şəbəkələşmə imkanı yaratmaq olub.
Üç mindən çox tələbənin iştirak etdiyi tədbirin rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək məzun olmuş gənclərə uğurlar arzulayıblar.
Tədbirin qeyri-rəsmi hissəsində təşkil olunmuş konsert proqramında PRoMete, Tomris, Nərmin Kərimbəyova, Tural Turan qardaşları, Fariz İlyas, Fərid Mərd və digər gənc müğənnilərin çıxışları olub.
Şənlik zamanı tələbələrin əyləncəsi üçün müxtəlif oyunlar, hədiyyəli viktorinalar və rəqslər təşkil edilib.
AZƏRTAC-ın müxbirləri tədbirlə bağlı təşkilatçıların və gənclərin təəssüratlarını öyrəniblər.
Qədir Xəlilov fikirlərini bölüşərək bildirib ki, şənlikdə sosial fəal tələbələrin iştirakına xüsusilə önəm verilib. Əsas məqsədlərdən biri Ulu Öndər Heydər Əliyevin mirası olan azərbaycançılıq məfkurəsinin təbliğidir. Məzun şənliyinə gənclərin böyük marağı var. Şənliyin daha yaddaqalan olması məqsədilə Gənclər Fondu tərəfindən kömək göstərilib.
ATGTİ-nın mətbuat katibi Əsmər Məmmədova isə bildirib ki, qurum ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarını öz sıralarında birləşdirir. Təşkilatın əsas məqsədi belə tədbirlərdə gəncləri bir araya toplayaraq onların asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq, eləcə də problemlərinin həllinə nail olmaqdır. O, tədbirdə abı-havanın çox yüksək olduğunu, gənclərin gözəl vaxt keçirdiklərini vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Mehrəli Məmmədov qeyd edib ki, məzun şənliyi gənclərin sosiallaşmasında və onlarda vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. Belə tədbir gənclərin yay tətilinin səmərəli təşkilinə, yeni dostlar qazanmasına, məzunlar üçün yeni iş imkanlarının yaranmasına səbəb olur.
Bakı Dövlət Universitetinin məzunu olan Xurda Tanrıverdizadə isə deyib: “Mən bakalavr təhsilimi bitirdiyim doğma universitetimin magistratura pilləsinə qəbul olmağımı yenicə xəbər aldım. Bu, mənim üçün tədbiri daha da yaddaqalan edən məqamlardan biri oldu. Ümumilikdə tədbirin abı-havası məndə çox xoş təəssürat oyatdı. Ölkəmizin universitetlərinin gənc məzunlarının bir araya toplaşması, birlikdə sosiallaşması müsbət haldır. Fikrimcə, gənclər təşkilatları tərəfindən belə tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdirilməlidir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts