Türkiyəli arxeoloqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Tokio, 17 dekabr , /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyənin Şanlıurfa şəhəri yaxınlığında yerləşən Göbəklitəpə arxeoloji abidəsinə həsr olunan “Daş təpələr: Sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminarda iştirak edən İstanbul Universitetinin professoru Necmi Karul və dosent Eyləm Özdoğanın Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə səfərləri maraqlı və yaddaqalan olub.
Qoruğun direktoru Zahir Kərimov AJMEDIA-ya bildirib ki, əvvəlcə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminli, SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent İradə M.Nəcəfova türkiyəli qonaqlara tarixi məkan haqqında ətraflı məlumat veriblər.
Arxeoloqlara təqdim olunan “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmi maraqla qarşılanıb.
Sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib. Türkiyəli qonaqlar, həmçinin qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar.
İstanbul Universitetinin professoru Necmi Karul Arxeoloji Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyəli qonaqlara SEBA Assosiasiyasının nəşr etdiyi Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu təqdim edilib.
Qardaş ölkənin arxeoloqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts