Türkiyəli arxeoloqlar Azərbaycanın tarixi-memarlıq abidələri ilə tanış olublar

Tokio, 19 dekabr , /AJMEDIA/

İstanbul Universitetinin alimləri – arxeoloqlar Necmi Karul və Eylem Özdoğan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, qonaqlar Türkiyənin Şanlıurfa şəhəri yaxınlığında yerləşən Göbəklitəpə arxeoloji abidəsinə həsr olunmuş “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminarda çıxış ediblər.
Türkiyəli arxeoloqlar, həmçinin Azərbaycanın tarixi, arxeoloji və memarlıq abidələri ilə tanış olublar. Göbəklitəpənin həmyaşıdı Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində qapalı və açıq səma altında yerləşən muzeyin Mezolit və Neolit dövrləri qayaüstü təsvirləri ilə tanış olan alimlər ulu babalarımızın yüksək sivilizasiyaya malik olması qənaətinə gəliblər.
Sonra onlar Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah Məbədi” Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında olublar. Alimlər daha sonra arxeoloji qazıntı işləri ilə yerində tanış olmaq üçün qədim Qəbələnin Qala və Səlbir ərazilərini gəziblər.
Arxeoloqlar işğaldan azad olunmuş Ağdam ərazisinə səfər edərək Üzərliktəpə, Qullartəpə, Ağdamın İmarət qəbiristanlığı, Ağdam məscidi, Şahbulaq qalası, Boyəhmədli kurqanları ilə tanış olublar. Necmi Karul bildirib ki, dünyanın heç yerində belə vəhşiliklərlə üzləşmək mümkün deyil.
Qeyd edək ki, 2023-cü ildə azərbaycanlı arxeoloqların Göbəklitəpədə arxeoloji qazıntı işləri aparmaları nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts