“Türk dünyasında Azərbaycan” kitabının təqdimatı keçirilib

Tokio, 31 oktyabr , /AJMEDIA/

Azərbaycandakı Atatürk Mərkəzində Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü günündə “Türk dünyasında Azərbaycan” adlı poeziya antologiyasının təqdimat mərasimi keçirilib.
Mərkəzdən AJMEDIA-ya bildirilib ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk Dünyasının birliyində Azərbaycançılıq ideyasının rolu” layihəsi əsasında çap olunub.
Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Knyaz Aslanın moderatorluğu ilə keçirilən tədbirdə tərtibçisi və layihə rəhbəri Dəyanət Osmanlı nəşr barədə iştirakçılara ətraflı məlumat verərək bildirib ki, ədəbiyyatımızın təbliğinə həsr olunmuş sayca 5-ci antologiyada Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan olmaqla, ümumilikdə 50-dək tanınmış şairin şeirləri yer alıb. Kitabda türk dünyası ölkələrinin ədəbiyyatında Azərbaycana, eləcə də türkçülüyə, xalqlarımızın qəhrəmanlıq tarixinə, qardaşlığına, milli-mənəvi dəyərlərimizə həsr edilmiş poetik nümunələr toplanıb.
Tədbirdə çıxış edən müəlliflər – İ.Yusifoğlu, R.Faxralı, X.Telmanoğlu, E.Məmmədli, Ə.Qoşalı, Ş.Şahin, İ.İlyaslı, A.Hüseynova, S.Abdulla, G.Murad, A.Nəzər, Ə.Mədətoğlu və digərləri türk dünyasının birliyinə yönəlmiş bu layihənin və kitabın ictimai, ədəbi-mədəni aktuallığından, türk xalqları arasında qardaşlıq bağlarının araşdırılmasında rolundan danışıb, bu cür təşəbbüslərə dəstək verilməsinin vacibliyini vurğulayıblar.
Təqdimatın sonunda müəlliflər “Ədəbiyyatda türk dünyasının birliyinə verdikləri töhfələrə görə” diplomu ilə təltif ediliblər.
Qeyd edək ki, nəfis şəkildə 400 tirajla çap olunmuş 224 səhifəlik nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, “Ön söz” müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayeva və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıdır. Türk dünyasının müxtəlif türkcələrində olan əsərləri dilimizə İ.İlyaslı, D. Osmanlı və Ş.Dağıaroğlu uyğunlaşdırıblar.
Kitab kitabxanalara, müəlliflərə, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə hədiyyə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts