Tokioda sabiq Baş nazir Şinzo Abenin dəfn mərasimi keçirilib

Tokio, 12 iyul , /AJMEDIA/

İyulun 8-də silahlı hücum nəticəsində qətlə yetirilən Yaponiyanın sabiq Baş naziri Şinzo Abenin dəfn mərasimi iyulun 12-də Tokionun Cogogi məbədində keçirilib.
AJMEDIA xəbər verir ki, mərasimin məbəddə qapalı rejim şəraitində təşkil olunmasına baxmayaraq, yüzlərlə insan hökumətin sabiq başçısının xatirəsinə ehtiramlarını bildirmək üçün buraya gəlir. Məbəd ərazisində Ş.Abenin fotosunun olduğu xüsusi masaya yaxınlaşan insanlar ona ehtiramlarını ifadə edərək gül dəstələri qoyurlar.
Xəbər verdiyimiz kimi, bir gün əvvəl həmin məbəddə “tsuya” vida mərasimi keçirilib. Tərkibində Baş nazir Fumio Kişidanın, parlamentin deputatlarının, siyasətçilərin və əcnəbi diplomatların olduğu minlərlə insan buraya gələrək sabiq Baş nazirə ehtiramlarını ifadə ediblər.
Məbəddəki mərasimdən sonra Ş.Abenin cəsədinin olduğu cənazə avtomobili Tokionun mərkəzi küçələrindən, o cümlədən Baş nazirin iqamətgahının, parlamentin, hakim Liberal Demokratik Partiyanın (LDP) mənzil-qərargahının yanından keçərək matəm dövrəsi vuracaq.
Xatırladaq ki, LDP lideri olan Ş.Abe ölkə tarixinə ən uzun müddət hökumətə başçılıq etmiş Baş nazir kimi düşüb.
Sabiq Baş nazirin külünün saxlanacağı yer hələlik elan olunmasa da, onun ailəsi üçün doğma Yamaquçi prefekturasına aparılacağı gözlənilir. Onun vaxtilə Yaponiyanın xarici işlər naziri olmuş atası Şintaro Abenin qəbri də bu prefekturanın Naqato şəhərində yerləşir.
Xatırladaq ki, sabiq Baş nazir Şinzo Abe iyulun 8-də Nara şəhərində küçə mitinqində çıxış edərkən 41 yaşlı Tetsuya Yamaqami ona əldə düzəltmə silahdan iki dəfə atəş açıb. Ş.Abe xilasedicilərin helikopteri ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts