Tbilisidə Zəfər Günü qeyd edilib

Tokio, 7 noyabr , /AJMEDIA/

Tbilisidəki 64 saylı məktəbdə Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Marneulidəki Azərbaycanlıların İnteqrasiya Mərkəzinin, “Alyans” Gənclər Mərkəzinin rəhbərləri və üzvləri, məktəbin Azərbaycan dili bölməsinin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Məktəbin müəllimi, “Ceyran” rəqs ansamblının rəhbəri Ceyran Qurbanova tədbiri açdıqdan sonra səfir Faiq Quliyev xalqımızı və Gürcüstanda yaşayan soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib, bu əlamətdar günün tarixi əhəmiyyətindən danışıb.
Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Zəfər nəinki Cənubi Qafqazın tarixində, dünya hərb tarixində qazanılmış ən nadir qələbədir. Gürcüstanda yaşayan soydaşlarımızın bu Qələbənin qazanılmasında rolunu qeyd edən səfir gənc nəslin də bu barədə məlumatlandırılmasının vacibliyini xüsusi vurğulayıb.
Sonra inteqrasiya mərkəzinin rəhbəri Orxan Pirverdiyev çıxış edərək Zəfər Gününün əhəmiyyətindən danışıb.
Tədbir konsert proqramı ilə davam edib. “Ceyran” milli rəqs ansamblının üzvləri Azərbaycan və gürcü milli rəqslərini, Türk marşını ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts